"Son dövrlərdə boşanmaların sayının artmasının özlüyündə ümumi və xüsusi səbəbi var. Sosializmin ailə modeli ilə kapitalizmin ortaya qoyduğu ailə modeli eyni deyil. Kapitalizm daha çox fərdiyyətçiliyə əsaslandığına görə artıq biz indiyə kimi qoruduğumuz ailəni gələcəyə daşıya bilmirik".
Bu sözləri e-huquq.az-a sosioloq Sahib Altay son dövrlərdə boşanmaların sayının artması ilə bağlı danışarkən bildirib.
Sosioloqun fikrincə, artıq Azərbaycanda mövcud ailə modeli öz şəklini dəyişir: "Bu bütün dünyada gedən prosesdir. İnkişaf etmiş ölkələr illər öncə bu problemi geridə qoyub. Biz indi buna öyrəşməyə məcburuq. İndiyə qədər mühafizə etdiyimiz ailə modeli artıq bizim yaşayışımıza mane olur. Digər tərəfdən, boşanmalarının sayının artmasına təsir edən xüsusi səbəblər var. Bu cəmiyyətə aid səbəblərdir. Məsələn, burada işsizlik, aşağı gəlir əsas faktorlar arasındadır. Bundan başqa, biz mental dəyərləri mühafizə etməyə çalışırıq. Mentalitetlə müasir dünya arasında uçurum var. Bu uçurum ailələrin dağılmasına, məişət zorakılığına və cinayətə səbəb olur. Bizim indiyə qədər ən çox fəxr etdiyimiz məqamlardan biri məhz ailə institutu olub. Azərbaycanın öz ailə modeli, milli mənəvi dəyərləri var. Azərbaycan mentaliteti qadınlara "ər evindən yalnız kəfənlə çıxa bilərsən" fikrini aşılayır. Boşanma şansı qadınlara verilmir. Çünki mental cəmiyyətlərdə qadının ikinci dəfə ailə qurma şansı çox aşağıdır. Qadının onsuz da ailəsindən ayrılıb qayıtmağa yeri yoxdur. Çünki ata-ana qızını ərə verməklə "süfrədən bir boşqab yemək azaldır". Bu gün qadınların özünün tam iqtisadi azadlığı olarsa, mövcud ailələrin 35-40 faizi də dağılar. İnsanları bir araya gətirən ehtiyac və zərurətlərdir. Əksər ailələrdə insanlar bir-birinin yanında məcburiyyətdən yaşayır. Beləcə, mövcud ailə modeli dağılaraq öz formasını dəyişir".
O bildirib ki, dövlət qurumları boşanmalara səbəb olan mövcud problemləri aradan qaldırmağa çalışmalıdır: "İşsizlik faktoru öz həllini tapmalıdır. Bu faktorlar aradan qalxarsa, boşanmaların sayı qismən də olsa, azala bilər. Çünki bu keçid dövrüdür. Dünyada gedən inkişaf prosesi özü ilə bərabər müsbət olduğu kimi, mənfi hadisələrə də səbəb olur. Bir evdə yaşaya bilməyən insanların boşanmamasını dəstəkləmirəm. Belə ailələrdə tərəflər də, uşaqlar da travma alır".
Qeyd edək ki, 2022-ci ildə idə 61 939 nikaha daxilolma və 15 983 boşanma halları qeydə alınıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda boşanmaların sayının artmasının narahatlıq doğurduğunu bildirib.
Şəbnəm Mehdizadə
