"Həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, həyat sığortasının da əsas özəlliyi məhz borclanan dünyasının dəyişərsə qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir: "Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə varisindən vəsait tələb olunmasın".
Deputat qeyd edib ki, indi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtərdəndir: "Bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ şığorta şirkəti tərəfindən qarşılanır. Əslində, bu həm də ondan xəbər verir ki, həyat sığortasından istifadə varis üçün öhdəlik yaratmamaq deməkdir".
Qeyd edək ki, Konstitusiya Məhkəməsi yeni qərar qəbul edib. Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Şəbnəm Mehdizadə
