22.10.2026
Bakı Metropoliteninə sədr müavini təyin olundu
Uncategorized

Bakı Metropoliteninə sədr müavini təyin olundu

Okt 22, 2026

Zaur Nağıyev “Bakı Metropoliteni” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Bu barədə e-huquq.az “Bakı Metropoliteni”nə istinadən xəbər verir.

Məlumata görə, Zaur Nağıyev Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Zaur Nağıyev 1982-ci ildə anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetində Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını başa vurub, 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin birgə təşkil etdiyi proqram çərçivəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.

2005-2008-ci illərdə və 2009-2013-cü illərdə BMT-nin müxtəlif təşkilatlarında (UNHCR, WFP və UNICEF) çalışıb. 2008-2009-cu illərdə və 2013-2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrini icra edib. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Hüquq departamentinin rəisi, 2022-ci ildən həmin qurumun İdarə Heyəti sədrinin müavini olub.

Zaur Nağıyev eyni zamanda ADA Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) beynəlxalq ekspertidir.