- 11:23
"Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin 1.8 dəfə artırılaraq 6 manatdan 11 manata çatdırılması konstitusion qaydada təsbit edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, habelə hüquqi yardım almaq hüququnun təntənəsidir".
Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası 60-cı maddəsi ilə hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, 61-ci maddə ilə isə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu tanıyır: "Lakin uzun müddət dövlət hesabına hüquqi yardım üçün ödənilən məbləğin azlığı prosesi vəkillər üçün, sözün əsl mənasında, yükə çevirmişdi. Lakin cənab Prezident böyük humanistlik göstərərək 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə bu məbləğin artırılmasını tapşırdı və hökumət də həmin ilin mayında bu vəsaiti 3 dəfə artırıb 2 manatdan 6 manata çatdırdı. Cənab İlham Əliyevin müvafiq Sərəncamında artımla bağlı yanaşmanın ən praqmatik tərəfi dəyişikliyin konkret rəqəm ifadə etməyərək konseptual xarakter daşıması idi və mahiyyəti ondan ibarət idi ki, artım ağlabatan olsun. Yəni möhtərəm Prezident əslində bu Sərəncamla sonrakı dövrdə ehtiyac duyulduqca məbləğə baxılmasının mümkünlüyü praktikası formalaşdırmışdı. Həqiqətən də, zaman keçdikcə 6 manat da tədricən azlıq etməyə başladı və 8 il ərzində dəyişən bazar qiymətləri fonunda xərcləri çıxdıqda aydın şəkildə görmək olurdu ki, bu prosesdə vəkil nəinki qazanmır, əksinə vəkil bəzən əlavə xərclərin altında qalır. Bu mənada "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilərək məbləğin artırılması məhz möhtərəm Prezidentin müvafiq Fərmanında ifadə olunan hüquqi iradəyə əsaslanır və Azərbaycan məhkəmə-hüquq tarixində növbəti inqilabi addım hesab olunmalıdır".
B.Məhərrəmov deyib ki, məsələ həmişə Vəkillər Kollegiyasının rəhbərliyini narahat edib: "Sədr cənab Anar Bağırov daim bu məsələni gündəmə daşıyıb, o cümlədən dəfələrlə bu yöndə müzakirələrimiz baş tutub, habelə məsələ Parlamentin iclasında və cənab Baş nazirin iştirakı ilə tərəfimizdən büdcə müzakirələrində gündəmə gətirilib".
"Həmişə olduğu kimi, bu dəfə də dövlət başçımız böyük humanistlik edərək indiki mürəkkəb şəraitdə vəkillərimizi ciddi narahat edən problemə həssaslıqla yanaşıb, səsimizə səs verməklə həm Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli müdafiə və təminatı, həm də vəkillik fəaliyyətində yeni bir mərhələnin başlamasına təkan verdi və buna görə özümün və Parlamentdə böyük qürurla təmsil etdiyim vəkil həmkarlarımın adından möhtərəm Prezidentimizə təşəkkür edirik", - deyə deputat əlavə edib.
Şəbnəm Mehdizadə