- 14:25
"Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının artırılması Vəkillər Kollegiyasının son illərdə əldə etdiyi ən böyük uğurlardan biridir. Bu, həm də dövlətimizin vəkillik peşəsinə verdiyi önəmi bir daha göstərir".
Bunu e-huquq.az-a açıqlamasında vəkil Şaiq Mirzəyev deyib.
O bildirib ki, bu məbləğ sonuncu dəfə 2018-ci ildə 2 manatdan 6 manata qaldırılmışdı. Lakin son 6 ildə bütün sahələrdə məvaciblərin və digər ödənişlərin artırılması dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının da real vəziyyətə uyğun şəkildə artırılmasını tələb edirdi.
"Hörmətli sədrimiz cənab Anar Bağırov bu sahədə ədalətli qərarın qəbul edilməsi üçün çox böyük səy göstərdi. O, uzun müddətdir ki, dövlət hesabına hüquqi yardıma görə ödənişin ağlabatan miqdarda artırılması üçün aidiyyəti qurumlarla danışıqlar aparırdı. Nəhayət, biz gərgin əməyin bəhrəsini gördük. Artıq ötən gün dövlət hesabına hüquqi yardım alan şəxslərə xidmət göstərən vəkillərin ödənişləri əhəmiyyətli dərəcədə artırıldı. Yeni qərara əsasən, vəkillərə ödənilən məbləğ 6 manatdan 11 manata qaldırıldı. Bu dəyişiklik, həm hüquqi yardıma ehtiyacı olan şəxslərin hüquqlarının daha keyfiyyətli şəkildə müdafiə olunmasına, həm də vəkillərin iş şəraitinin yaxşılaşdırılmasına xidmət edir".
Ş.Mirzəyev deyib ki, əvvəllər vəkillərin dövlət hesabına hüquqi xidmətlərə görə aldıqları ödənişlər kifayət qədər aşağı idi. Bu da bəzən hüquqi xidmətin keyfiyyətinə mənfi təsir göstərir və hüquqi yardım alan şəxslərdə narazılıqlar yaradırdı.
"Bu məbləğin indiyədək çox aşağı olmasına görə bəzi vəkillər dövlət hesabına hüquqi yardım göstərməkdə maraqlı olmur və öz müstəqil işlərinə daha çox fokuslanırdılar. Yeni qərar vəkillərin dövlət hesabına göstərilən hüquqi xidmətlərdən əldə etdikləri gəlirin artırılması ilə yanaşı, hüquqi xidmətlərin keyfiyyətinin də yüksəlməsini hədəfləyir. Bu, vəkillərin təyinatla çıxdıqları işlərə daha həvəsli, daha məsuliyyətli yanaşmasına stimul verəcək. İndi onlar dövlət hesabına hüquqi yardım göstərdikləri işlərə daha çox vaxt ayırmağa və daha müfəssəl araşdırmağa həvəsli olacaqlar. Bu artım dövlət hesabına hüquqi yardıma müraciət edənlərin hüquqi məsələlərdə daha peşəkar və təcrübəli vəkillərlə işləməsinə şərait yaradacaq. Qısa desək, vəkillərin verdiyi hüquqi xidmətlərdə vətəndaşlara qarşı daha yüksək məsuliyyət və peşəkar yanaşma yaranacaq", - deyə vəkil qeyd edib.
"Bilirsiniz ki, son illərdə ölkəmizdə vəkilliyə maraq artıb. Xüsusən gənclər arasında vəkil olmaq istəyənlərin sayı çoxdur. Hesab edirəm ki, vəkillərin maddi təminatının yaxşılaşdırılması bu peşəyə marağı daha da artıracaq", - o əlavə edib.
Ş.Mirzəyev sonda bildirib ki, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin artırılması yalnız vəkillərin maddi şəraitini yaxşılaşdırmayacaq, həm də hüquqi yardıma ehtiyacı olan şəxslərin hüquqlarının daha keyfiyyətli şəkildə müdafiəsinə, bununla da cəmiyyətin ədalət mühakiməsinə olan inamının artırılmasına xidmət edir: "İnanıram ki, vəkillik tarixi üçün dönüş nöqtəsi olan bu artımın müsbət nəticələrini biz gələcəkdə daha geniş miqyasda görəcəyik".
Şəbnəm Mehdizadə