Deputat: "Bu qərar vəkillərin əməyinin daha ədalətli qiymətləndirilməsinə imkan verəcək"


  • 17:01

"Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının artırılması onların əməyinin daha ədalətli qiymətləndirilməsinə imkan verəcək".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə deyib.

O bildirib ki, bu məsələ həm Vəkillər Kollegiyasında, həm də Milli Məclisin müvafiq komitə iclaslarında dəfələrlə müzakirə olunub: "Hesab edirəm ki, bu qərar həm də dövlətimizin hüquq sisteminin inkişafına təkan verməklə, daha təcrübəli vəkillərin dövlət hesabına işlərə cəlb edilməsinə şərait yaradacaq. Bu da özlüyündə məhkəmə qərarlarının keyfiyyətinə birbaşa müsbət təsir göstərən amillərdəndir. Gəlin etiraf edək ki, dövlət hesabına hüquqi yardım üçün vəkillərə ödənilən vəsait qənaətbəxş deyildi. Hesab edirəm ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar vəkillərin əməyinin daha ədalətli qiymətləndirilməsinə imkan verəcəkdir".

Ə.Ağazadə deyib ki, hər bir dövlətin məqsədi öz əhalisinin yüksək rifah səviyyəsini təmin etmək, insanların öz dövlətlərinə inam və etimadlarının gücləndirilməsinə nail olmaqdır: "Sözün əsl mənasında, səmərəli şəkildə təşkil olunmuş hüquqi yardım xidməti əhalinin ədalət mühakiməsinə inamının gücləndirilməsində ən təsiredici vasitədir. Azərbaycan Respublikasının Konstitusiyası ixtisaslaşdırılmış hüquqi yardım almaq hüququnu təsbit edir və həmçinin, onun ödənişsiz olmasına təminat verir. Onu da qeyd etmək lazımdır ki, vətəndaşların yüksək ixtisaslı və keyfiyyətli hüquqi yardım alması ən vacib hüquqi məsələlərdəndir".

"Əminəm ki, verilmiş bu qərarın icrası nəticəsində hüquqi yardım sistemində peşəkarlıq və dayanıqlılıq güclənəcək, vəkillik fəaliyyətində təkan verməklə gənc hüquqşünasların vəkilliyə marağını daha da artıracaq", - deyə deputat əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər