- 17:01
Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kamran Əliyevi Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, o, Kamran Əliyevin rəhbərliyi dövründə Azərbaycan prokurorluğunun dərin institusional islahatlar, şəffaf idarəçilik və müasir kadr siyasəti ilə mühüm inkişaf mərhələsinə qədəm qoyduğunu, qanunçuluğun və hüquq-mühafizə sisteminin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını deyib.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu bu gün ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasında, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və ictimai təhlükəsizliyin təmin olunmasında mühüm dövlət təsisatlarından biri kimi inkişaf edir. Eyni zamanda Kamran müəllimin Azərbaycan vəkilliyinə xüsusi diqqəti, Vəkillər Kollegiyası ilə Baş Prokurorluq arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, vəkillər tərəfindən əvvəlki illərdə rastlaşılan çətinliklərin aradan qaldırılmasında göstərdiyi dəstək bizim üçün xüsusi əhəmiyyətə malikdir.
Əminəm ki, cənab Prezidentin yüksək etimadı ilə bu vəzifəyə yenidən təyin olunmanız, hüquqi islahatların davamlılığını və prokurorluq orqanlarının daha da inkişafını təmin edəcəkdir.
Sizə bu şərəfli və məsuliyyətli fəaliyyətinizdə möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzu edirəm!" - sədr təbrikdə qeyd edib.
Şəbnəm Mehdizadə