Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi oldu - FOTO


  • 13:22

Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər.

Rəsmi mərasimdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərində yerləşən Heydər Əliyev park-kompleksində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyinə gedən qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib.

Daha sonra binanın rəsmi açılış mərasimi olub və vəkillərlə görüş keçirilib.

Tədbirdə ARVK-nın sədri Anar Bağırov Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında aparılan təmir-bərpa işləri barədə ümumi məlumat verib. Bildirib ki, bina Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası çərçivəsində Gəncə şəhərində vəkil qurumunun fəaliyyətini təmin etmək məqsədilə Kollegiyanın balansına verilib.

Qeyd olunub ki, əvvəllər Gəncə Şəhər Prokurorluğunun inzibati binası olmuş, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi 49 ünvanında yerləşən, ümumi sahəsi 1052,58 kv.m olan, 955,85 kv.m torpaq sahəsində yerləşən inzibati bina Nazirlər Kabinetinin 9 aprel 2019-cu il tarixli qərarı ilə ARVK-nın əvəzsiz istifadəsinə verilib. Bir mərtəbəsi zirzəmi, 3 mərtəbəli inzibati binadan ibarət olan büro ARVK-nın öz maddi vəsaiti hesabına əsaslı təmir olunub, müasir tələblərə uyğunlaşdırılıb, zəruri avadanlıq və infrastrukturlarla tam təchiz edilib. İnzibati binanın bir hissəsi isə tarixi mədəniyyət abidəsidir. Həmin hissə də Mədəniyyət Nazirliyinin rəyi əsasında XIX əsrin Gəncə memarlıq üslubu qorunmaqla bərpa olunub. Gəncə Regional Vəkil Bürosunun təmir-bərpa prosesinə isə 2023-cü ilin oktyabr ayında başlanılıb və işlər mərhələli şəkildə həyata keçirilib.

45 vəkil və digər şəxslərin fəaliyyət göstərəcəyi yeni inzibati binada rəhbər otağı, 18 vəkil otağı, konfidensial görüş otağı, qəbul otaqları, texniki otaqlar, akt zalı, muzey, dəftərxana, arxiv, 2 mətbəx,yeməkxana, qarderob və sanitar qovşaqları mövcuddur. Eyni zamanda vətəndaşların və vəkillərin rahatlığını təmin etmək üçün büroda bütün lazımi şərait yaradılıb, yüksək səviyyəli texniki təchizat – UPS sistemləri, yanmayan kabellər, müasir yanğın siqnalizasiya avadanlıqları quraşdırılıb. Yeni bina vəkillərin peşəkar fəaliyyətini daha da səmərəli təşkil etmək üçün əlverişli, konfidensial, komfortlu və təhlükəsiz iş mühiti ilə təmin olunub.

Görüş zamanı çıxış edən Gəncə ŞİH-in başçısı Niyazi Bayramov mərasim iştirakçılarını salamlayıb, Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə bütün vəkilləri təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Şəhər rəhbəri Gəncədə müasir vəkil qurumunun yaradılmasını yüksək qiymətləndirərək bildirib ki, bu təşəbbüs vəkillərin fəaliyyətinə yeni imkanlar açmaqla yanaşı, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini də artıracaq. O, ARVK-nın bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü işləri təqdirəlayiq hesab etdiyini vurğulayıb.

İcra başçısı söyləyib ki, ölkədə hüquqi dövlət quruculuğu, ədalət mühakiməsinin səmərəliliyininartırılması və vətəndaşların hüquqlarının etibarlı müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə regionlarda hüquqi xidmətlərin keyfiyyətli və əlçatan şəkildə təşkil olunması xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş hüquqi islahatlar məhz insan hüquq və azadlıqlarının təmininə, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsinə xidmət edib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, məhkəmə-hüquq islahatları, vəkillik institutlarının müasirləşdirilməsi, yenilənməsi və regionlarda hüquqi yardımın inkişafı istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze isə çıxışında son illər ölkəmizdə vəkillik institutunun inkişafı istiqamətində mühüm islahatlar həyata keçirildiyini, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğının göstərildiyini bildirib. Nəticədə vəkilliyin nüfuzu əhəmiyyətli dərəcədə artıb, maddi-texniki təminatı yaxşılaşdırılıb, regionlarda hüquqi yardımın əlçatanlığı genişlənib.

Həmçinin Otari Qvaladze vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı vəkilliyin institusional əsaslarını möhkəmləndirib, bu sahənin inkişafına mühüm təkan verib. Qeyd edilib ki, vəkillik təsisatının, o cümlədən regionlarda vəkil qurumlarının inkişafı və hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi hüquqislahatlarının tərkib hissəsidir.

Daha sonra Kollegiyanın sədri Anar Bağırov çıxış edərək ARVK-nın son illərdə həyata keçirdiyi əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizdə vəkillik institutunun davamlı inkişaf etdiyini, vəkillərin sayının getdikcə artdığını və bu sahədə mühüm islahatların aparıldığını vurğulayıb.

Gəncə Regional Vəkil Bürosunun fəaliyyəti, göstəriləcək hüquqi xidmətlər və regional hüquqi yardıma əlçatanlığın artırılması istiqamətində aparılacaq işlər barədə danışan sədr ölkə üzrə əksər vəkil qurumlarının beynəlxalq standartlara cavab verdiyini və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şəraitin yaradıldığını dilə gətirib.

Eyni zamanda Anar Bağırov diqqətə çatdırıb ki, respublika ərazisindəki vəkil qurumlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl işlər aparılır. Bu məsələyə Kollegiya tərəfindən xüsusi önəm verilir və sistemli yanaşma tətbiq olunur. ARVK-nın sədri çıxışının davamında ölkə üzrə 138 Vəkil Bürosunun fəaliyyət göstərdiyini söyləyərək bildirilib ki, bu qurumlar respublikada hüquqi xidmətlərin əlçatanlığının artırılmasınamühüm töhfə verir. Anar Bağırov əlavə edib ki, hazırda Bakı şəhərində yerləşən “Vəkil evi” kompleksində müasir tələblərə uyğun şəkildə təmir işləri aparılır. Təmir işlərinin cari ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Sədr vurğulayıb ki, demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin hüquqi dövlətin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin olunması, məhkəmə və vəkillik institutlarının möhkəmləndirilməsi istiqamətində atdığı addımlar bu sahədə möhkəm təməl yaradıb. Bu strateji kurs Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub, hüquqi sistemin müasirləşdirilməsi, şəffaflığın artırılması, ədalətə çıxış imkanlarının genişləndirilməsi və regionlarda hüquqi xidmətlərin əlçatanlığının təmin olunması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Vəkillik institutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun davamlı inkişafı dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Anar Bağırov xüsusilə vurğulayıb ki, Prezident cənab İlham Əliyevin vəkilliyin inkişafına dair verdiyi tapşırıqlar, imzaladığı Fərman və Sərəncam bu istiqamətdə mühüm dönüş nöqtəsi olub. Məhz dövlət başçısının dəstəyi nəticəsində ölkədə vəkillik peşəsinin nüfuzu artıb, vəkillərin fəaliyyəti üçün daha əlverişli şərait yaradılıb. Yeni inzibati binaların istifadəyə verilməsi, regionlarda vəkil qurumlarının yaradılması vətəndaşların hüquqi yardıma çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Tədbirdə Kollegiyanın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının istifadəyə verilməsini yüksək dəyərləndirib. O, bütün vəkilləri bu əlamətdar hadisə münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. İkram Kərimov çıxışında vəkilliyin cəmiyyətdəki roluna toxunaraq, hüquqi dövlətdə vəkillərin məsuliyyətinin daha da artdığını bildirib və bu yolda vəkillərə öz xeyir-duasını verib.

Eyni zamanda görüşdə “M.D.M” MMC-nin direktoru və baş memarı Vüqar Həsənov və Türkiyənin İzmir Barosunun vəkilləri Forough Amirabedinlə Afhan Topel də çıxış edərək yeni inzibati binada yaradılmış müasir və funksional şəraitdən məmnunluqlarını ifadə ediblər.

Həmçinin görüş çərçivəsində ARVK-nın sədri Anar Bağırov Gəncə ŞİH-in başçısı Niyazi Bayramovu vəkilliyə verdiyi xüsusi töhfəyə görə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Mərasim çərçivəsində iştirakçılar inzibati binada ARVK-nın üzvü, “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan, dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi və atributların sərgisi ilə tanış olublar.

***

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilir.

E-huquq.az-ın məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak edirlər.

Oxşar xəbərlər