- 16:51
"Gəncə şəhərində müasir tələblərə cavab verən yeni inzibati binanın açılışı bizim üçün xüsusi bir hadisədir".
E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimində deyib.
O bildirib ki, bu bina dövlətin Azərbaycan vəkilliyinə hədiyyəsidir: "Məlum olduğu kimi, 2018-ci ildə cənab Prezident İlham Əliyev "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, regional məhkəmələrin fəaliyyət göstərdiyi şəhərlərdə Vəkillər Kollegiyasına binanın ayrılması barədə cənab Prezident tərəfindən tapşırıq verilib. Bu tapşırıq əsasında Nazirlər Kabineti tərəfindən 2019-cu ildə Gəncə Şəhər Prokurorluğunun tarixi binası Vəkillər Kollegiyasına əvəzsiz olaraq verilib. Fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevə ölkəmizin vəkil korpusu adından bu binanın ayrılmasına görə minnətdarlığımı bildirirəm. Dövlət başçısının iradəsi olmasayadı, bu, qeyri-mümkün olardı. Bu işlər onu göstərir ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin çox mühüm institutlarından olan vəkillik fəaliyyətinin gücləndirilməsində çox maraqlıdır və bunu yalnız sözdə deyil əməllərlə sübut edir".
Sədr deyib ki, bu bina regional vəkil büroları arasında ən böyüyü ən müasiridir. "Hesab edirəm ki, bu bina ən qabaqcıl komplekslərdən biridir. Əslində uzun illər ərzində Gəncə şəhərində vəkillərin iş şəraiti o dərəcədə üərkaçan deyildi. Xatırlayıram ki, Niyazi müəllim Gəncə şəhərinə icra başçısı təyin edildikdən sonra bizim onunla görüşümüz oldu. Biz o zaman bu məsələni hörmətli icra başçısı qarşısında qaldırdıq. O da söz verdi ki, bu məsələdə var gücü ilə Vəkillər Kollegiyasına dəstək olacaq. Niyazi müəllim vəkilliyə ögey insan deyil. Onun əmək fəaliyyəti Vəkillər Kollegiyasında başlayıb. 1981-1986-cı illərdə Niyazi Bayramov Kollegiyanın üzvü olub. Vəkil statusu elə bir statusdur ki, onu bir dəfə əldə edən həmişə vəkil sayılır. Mən çox sevinirəm ki, Niyazi müəllim bir çox vəzifələrdə fəaliyyət göstərib, dövlətimizin inkişafı tərəqqəsi üçün çalışıb. Təsadüf elə gətirdi ki, məhz Niyazi müəllimin Gəncə şəhərində rəhbərliyi dövründə bu binanın açılışnın şahidi olduq".
A.Bağırovun sözlərinə görə, Gəncə Regional Vəkil Bürosu Qərb bölgəsində insanların keyfiyyətli hüquqi yardımına çatımlılığını, ədalət mühakiməsinə çıxışını daha da yüksək səviyyədə təmin edəcək və eyni zamanda vətəndaş məmnunluğuna səbəb olacaq: "Gəncə Regional Vəkil Bürosu bizim qabaqcıl bürolarımızdan biridir. Məlum olduğu kimi, 2024-cü ildə bu büro "İlin vəkil bürosu" elan olundu. Çünki qabaqcıl elektron xidmətlər və texnologiyalardan Gəncə Vəkil Bürosunda fəal istifadə olunur. Hesab edirəm ki, qabaqcıl vəkil bürosu ən yaxşı şəraitə malik olmalıdır".
Şəbnəm Mehdizadə