Gəncə Regional Vəkil Bürosunun inzibati binasının təmir-bərpa prosesi - VİDEOÇARX


  • 20:02

Yeni istifadəyə verilmiş Gəncə Regional Vəkil Bürosunun inzibati binasının təmir-bərpa prosesi ilə bağlı videoçarx hazırlanıb.

E-huquq.az xəbər verir ki, videoçarxda inzibati binanın təmirdən əvvəl, təmir-bərpa prosesi və hazırkı dövürə aid fotolar yer alıb.

Qeyd edək ki, mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK)təşkilatçılığı ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib.

Yeni inzibati bina Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası çərçivəsində Gəncə şəhərində vəkil qurumunun fəaliyyətini təmin etmək məqsədilə Kollegiyanın balansına verilib. Əvvəllər Gəncə Şəhər Prokurorluğunun inzibati binası olmuş, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi 49 ünvanında yerləşən, ümumi sahəsi 1052,58 kv.m olan, 955,85 kv.m torpaq sahəsində yerləşən inzibati bina Nazirlər Kabinetinin 9 aprel 2019-cu il tarixli qərarı ilə ARVK-nın əvəzsiz istifadəsinə verilib. Bir mərtəbəsi zirzəmi, 3 mərtəbəli inzibati binadan ibarət olan büro ARVK-nın öz maddi vəsaiti hesabına əsaslı təmir olunub, müasir tələblərə uyğunlaşdırılıb, zəruri avadanlıq və infrastrukturlarla tam təchiz edilib. İnzibati binanın bir hissəsi isə tarixi mədəniyyət abidəsidir. Həmin hissə də Mədəniyyət Nazirliyinin rəyi əsasında XIX əsrin Gəncə memarlıq üslubu qorunmaqla bərpa olunub. Gəncə Regional Vəkil Bürosunun təmir-bərpa prosesinə isə 2023-cü ilin oktyabr ayında başlanılıb və işlər mərhələli şəkildə həyata keçirilib.

45 vəkil və digər şəxslərin fəaliyyət göstərəcəyi yeni inzibati binada rəhbər otağı, 18 vəkil otağı, konfidensial görüş otağı, qəbul otaqları, texniki otaqlar, akt zalı, muzey, dəftərxana, arxiv, 2 mətbəx,yeməkxana, qarderob və sanitar qovşaqları mövcuddur. Eyni zamanda vətəndaşların və vəkillərin rahatlığını təmin etmək üçün büroda bütün lazımi şərait yaradılıb, yüksək səviyyəli texniki təchizat – UPS sistemləri, yanmayan kabellər, müasir yanğın siqnalizasiya avadanlıqları quraşdırılıb. Yeni bina vəkillərin peşəkar fəaliyyətini daha da səmərəli təşkil etmək üçün əlverişli, konfidensial, komfortlu və təhlükəsiz iş mühiti ilə təmin olunub.

Oxşar xəbərlər