- 13 May 16:05
Mayın 13-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) birgə əməkdaşlığı ilə vəkillərə “Vəkillik etikası. Müştəri ilə müsahibə və məsləhətin aparılmasında vəkillərin bədən dili və kommunikasıya bacarıqlarının artırılması taktikaları” mövzusunda ixtisasartırma təlimi keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Əyani formada keçirilmiş təlimdə ARVK-nın Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova təlimçi kimi çıxış edib.
Təlim zamanı vəkillik etikasının əsas prinsipləri və real situasiyalar, vəkil və müvəkkilin görüşü zamanı vəkillərin diqqət etməli olduğu məqamlar, müştəri ilə müsahibə zamanı dinləmə, empatiya və sualvermə bacarıqları, bədən dili və qeyri-verbal ünsiyyət, doğru və yalnış kommunikasiya taktikaları barədə müzakirələr edilib, iştirakçılarla praktiki nümunələr əsasında simulyasiyalar və qrup işləri təşkil olunub.
Sonda iştirakçılar tərəfindən təlimçiyə ünvanlanan suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimdə 11 vəkil iştirak edib.