- 14:33
12-15 may tarixlərində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Akademiya arasında əməkdaşlıq çərçivəsində distant formada təlimlər keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Belə ki, mayın 12-də “Vəkilin öz vəzifələrinə hörmət və şərəflə yanaşması” mövzusunda təşkil edilən təlimdə Vəkillərin İntizam Komissiyasının və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Elvin Əliyev vəkilin peşə etikası, hüquqi davranış qaydaları, vəkillikdə şəxsi məsuliyyət, vəkilin vicdanlı fəaliyyəti və digər əlaqəli məsələlər barədə çıxış edib.
Mayın 13-də isə “Vəkillərin davranışının əsas prinsipləri” mövzusunda keçirilən təlimdə Vəkillərin İntizam Komissiyasının üzvü, “Kredo” Vəkil Bürosunun müdiri Elvin Səlimov tərəfindən vəkilin davranış prinsipləri, etik normalar, hüquqi etik standartlar və digər müxtəlif məsələlər üzrə müzakirələr aparılıb.
"Deontologiya həftəsi" çərçivəsində keçirilən növbəti təlimdə Vəkillərin İntizam Komissiyasının üzvü Ələskər Hüseynli “Vəkilin davranış qaydalarını dəstəkləməsi” mövzusunda çıxış edərək hüquqi xidmətin keyfiyyəti, vəkilin vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşması, dürüstlük, o cümlədən obyektivlik və digər məsələlər haqqında məlumat verib.
Mayın 14-də həftə çərçivəsində “Vəkilin cəmiyyətin vəkilliyə olan inamını saxlaması və artırması üçün lazımı səy göstərməsi” mövzusunda keçirilən sonuncu distant təlimdə isə Vəkillərin İntizam Komissiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun müdiri Gülşən Salmanova vəkilin ictimai etimadı, hüquqi maarifləndirmə, vəkilin cəmiyyətdə rolu, nümunəvi davranış qaydaları və müxtəlif əlaqəli məsələlər barədə müzakirələr aparıb.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 176 vəkil iştirak edib.