- 26 May 22:31
Mayın 24-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan Respublikası ilə bağlı qərarları" mövzusunda hibrid formada təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasında məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və mövzunun aktuallığı ilə bağlı xüsusi məqamları qeyd edərək, presedent hüququnun hüquqi təbiəti və qəbul edilmiş qərarlar barədə ümumi məlumat verib.
Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti onların diqqətinə çatdırılıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun müdiri Sevinc Əliyeva Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan Respublikası ilə bağlı müxtəlif qərarlarını müzakirə edərək, mövcud sahədə hüquqi müdafiə vasitələri, məhkəmə islahatları, hüquq pozuntularının qiymətləndirilməsi və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.
Sonda vəkillərin müvafiq sahədə müxtəlif sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə ümumilikdə Vəkillər Kollegiyasının 67 üzvü iştirak edib.