- 26 May 17:40
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 2 may 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association tərəfindən nəşr olunan "Azərbaycan Vəkili" elmi-praktik hüquq jurnalı hüquq elmləri sahəsində Azərbaycan Respublikasında dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkə hesabında yazıb..
"Xatırladım ki, 2013-cü ildən nəşr olunan jurnal son dövrdə beynəlxalq standartlara tam uyğunlaşdırılıb və redaksiya heyəti nüfuzlu yerli və əcnəbi alimlərdən yenidən təşkil edilib. Jurnal həmçinin beynəlxalq identifikasiya kodu İSSN 3006-0974 və beynəlxalq rəqəmsal obyekt identifikatoru DOİ:10.61638/ALJL2023 nömrəsi ilə çap edilir.
Məhz mütərəqqi yeniliklər nəticəsində bu yaxınlarda Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs tərəfindən aparılan sorğuya əsasən "Azərbaycan Vəkili" ölkədə ən çox oxunan hüquq jurnalı elan olunmuşdur.
Bütün vəkil həmkarlarımı bu nailiyyətlər münasibətilə təbrik edirəm, jurnalın redaksiya heyətinin tam tərkibinə və xüsusilə dəyərli professorlarımız Amir Ibrahim Aliyevə və Turguy Huseynova təşəkkür edirəm.
Başda hörmətli sədr Famil müəllim Mustafayev olmaqla Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinə ölkəmizin vəkil korpusu adından dərin minnətdarlığımı bildirirəm" - deyə Anar Bağırov qeyd edib..