- 29 May 16:11
Tanınmış vəkil Şaiq Mirzəyevin şəxsi "Telegram" hesabı kibercinayətkarlar tərəfindən ələ keçirilib.
Bu barədə e-huquq.az-a vəkil özü məlumat verib.
O bildirib ki, hazırda sözügedən hesab öz nəzarətində deyil və naməlum şəxslər onun adından tanışlarına yazaraq pul istəyirlər.
Vəkil bu yazışmaların onunla heç bir əlaqəsinin olmadığını bəyan edib və bu cəhdləri dələduzluq kimi qiymətləndirib.
"Şəxsi "Telegram" hesabım kiberdələduzlar tərəfindən ələ keçirilib. Hazırda hesab mənim nəzarətimdə deyil və adımdan insanlara yazaraq bank kartı göndərilir və pul istənilir. Bu, klassik dələduzluq halıdır və bu yazışmalarla heç bir əlaqəm yoxdur", - deyə o qeyd edib.
Ş.Mirzəyev müraciət edərək bu cür mesajlara aldanmamağı, heç bir halda pul göndərməməyi və şübhəli hallarla rastlaşdıqda onunla alternativ yollarla birbaşa əlaqə saxlamağı xahiş edib.
Qeyd edək ki, son dövrlərdə oxşar dələduzluq hallarında artım müşahidə olunur. Kibercinayətkarlar, xüsusilə hüquqşünaslar, ictimai xadimlər və jurnalistlər kimi tanınmış şəxslərin sosial media hesablarını ələ keçirərək onların nüfuzundan sui-istifadə etməyə çalışırlar.
Mütəxəssislər istifadəçilərə şəxsi hesablarını iki mərhələli autentifikasiya sistemi ilə qorumağı, şübhəli keçidlərə daxil olmamağı və bu kimi hallarla rastlaşdıqda dərhal müvafiq qurumlara məlumat verməyi tövsiyə edirlər.
Şəbnəm Mehdizadə