- 2 İyun 09:53
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” futbol komandası ilə Türkiyə Barolar Birliyinin Ankara Barosunun qadın vəkillərdən ibarət eyni adlı komandası arasında yoldaşlıq görüşü keçirib.
E-huquq.az xəbər verir ki, “QOLAT Sport Services” şirkəti tərəfindən Bakı şəhərində təşkil edilən görüşdən əvvəl VK Rəyasət Heyətinin üzvü Elçin Usub çıxış edərək “Legal Eagles” futbol komandası haqqında iştirakçılara məlumat verib, belə təşəbbüslərin vəkillər arasında həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
O qeyd edib ki, hüquqşünas qadınların həm peşəkar fəaliyyətdə, həm də ictimai və sosial sahələrdə fəal iştirakı cəmiyyətimiz üçün müsbət nümunədir.
VK-nın sədr müavini Pərviz Ələkbərov isə çıxışında hər iki komandanı Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, onlara uğurlar arzulayıb, bu cür yoldaşlıq oyununun qarşılıqlı əməkdaşlığın güclənməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.
Sədr müavini qadınların bu sahəsindəki fəallığını yüksək qiymətləndirərək diqqətə çatdırıb ki, komandaların görüşü yalnız idman deyil, həm də peşəkar həmrəyliyin, dostluğun və qarşılıqlı anlayışın təcəssümüdür.
Kollegiyanın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışı zamanı görüşdə iştirak edən hər iki komandanın üzvlərinə təşəkkür edərək onlara uğurlar arzulayıb və bu kimi tədbirlərin gələcəkdə də davam edəcəyinə inandığını söyləyib.
O qeyd edib ki, hüquq sahəsində çalışan qadınların bir araya gələrək idman vasitəsilə ünsiyyət qurması, təcrübə mübadiləsi aparması, yeni dostluqların yaranması çox dəyərlidir.
Sonra “Legal Eagles” komandasının kapitanı Aynur Hüseyn çıxış edib. O, tədbirin təşkilinə görə minnətdarlığını bildirib və bu cür görüşlərin qadın vəkillərin həmrəyliyinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını dilə gətirib.
“Ankara Barosu” komandasının kapitanı Dərya Çağılıyan isə çıxışı zamanı Azərbaycanda bu cür səmimi qarşılanmaqdan məmnunluq duyduğunu ifadə edib, vəkil qadınlar arasında əməkdaşlığın və dostluğun idman sahəsi vasitəsilə gücləndirilməsinin sevindirici hal olduğunu söyləyib.
O, bu görüşün Türkiyə və Azərbaycan vəkilləri arasında möhkəm dostluq körpüsü qurduğunu bildirib və gələcəkdə də qarşılıqlı səfərlərin və oyunların davam etməsini arzulayıb.
“Legal Eagles” komandasının rəhbəri Mehriban Məmmədova isə çıxışında deyib ki, bu təşəbbüs yalnız idmanla məşğul olmaq deyil, həm də həmrəyliyin, komanda ruhunun, fiziki və psixoloji sağlamlığın təşviqinə yönəlib. Görüşün təşkilində əməyi olan hər kəsə təşəkkür etdiyini bildirən komanda rəhbəri bu cür təşəbbüslərin qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.
Sonra qarşılaşmaya start verilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda qalib müəyyənləşməyib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
Yekunda qaliblərə medallar və mükafatlar təqdim edilib.
Görüşün ən yaxşı oyunçusu “Ankara Barosu” komandasının üzvü Qamze Bezan və matçın ən yaxşı qapıçısı isə “Legal Eagles” komandasının üzvü Tünzalə Hacıyeva seçilib.