- 4 İyun 17:07
Mayın 31-də ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının maliyyə və təşkilati dəstəyi, “Abdurahimli Group” və “BM Morrison Partners” MMC şirkətlərinin sponsorluğu ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində XIV Milli Məhkəmə Müsabiqəsinin Final mərhələsi və bağlanış mərasimi keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Finalda hakim qismində Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əhməd Əhmədov, Vüsalə Baxışova və Aqil Abbasov iştirak ediblər.
Tədbir ELSA Azərbaycanın 2024/2025-ci illər üzrə prezidenti Nazim Çələbiyevin açılış nitqi ilə başlayıb. O, iştirakçıları salamlayaraq final mərhələsinin Ali Məhkəmədə keçirilməsinə imkan yaratdığına görə məhkəmə rəhbərliyinə dərin təşəkkürünü bildirib. Eyni zamanda müsabiqənin təşkilində göstərdiyi maddi və təşkilati dəstəyə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına, eləcə də sponsor kimi çıxış edən “Abdurrahimli Group” və “BM Morrison Partners” şirkətlərinə minnətdarlığını ifadə edib.
Daha sonra ELSA Azərbaycanın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə 2024/2025-ci illər üzrə vitse-prezidenti Ənvər Hüseynov çıxış edərək iştirakçıları və qonaqları salamlayıb. O, müsabiqəyə göstərilən marağa və iştiraka görə təşəkkürünü bildirib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Aparat rəhbəri Orxan Babayev də çıxış edərək hüquq tələbələrinin bu cür simulyasiya xarakterli məhkəmə proseslərində iştirakının onların gələcək peşə fəaliyyətləri üçün mühüm təcrübə qazandırdığını vurğulayıb. O, Vəkillər Kollegiyasının bu kimi təşəbbüsləri hər zaman dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini qeyd edərək final mərhələsində iştirak edən komandaların hər birinə uğurlar arzulayıb.
Ardınca “Abdurrahimli Group Law Studio”nun təsisçisi və direktoru Yusif Abdurrahimli çıxış edərək ELSA Azərbaycana dəvət üçün təşəkkür edib, tələbələrə uğurlar arzulayıb və hüquq təhsilində nəzəri biliklərlə yanaşı praktik biliklərin də əhəmiyyətini önə çəkib. O, rəhbərlik etdiyi şirkətin gənclərin inkişafına yönəlmiş bu kimi təşəbbüsləri hər zaman dəstəklədiyini vurğulayıb.
Tərəfdaş şirkətlərdən olan “BM Morrison Partners” şirkətinin inzibati işlər üzrə direktoru Fidan Əsədzadə də tədbirdə çıxış edərək ELSA ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, layihənin bir hissəsi olduqları üçün qürur duyduqlarını bildirərək, şirkətin fəaliyyəti barədə məlumat verib və final mərhələsində ikinci yeri tutacaq komandanın “BM Morrison Partners”də təcrübə proqramına qatılmaq imkanı qazanacağını elan edib.
Daha sonra isə səhnələşdirilmiş məhkəmə prosesinə keçid edilib. Final mərhələsində Bakı Dövlət Universitetinin III kurs tələbələrindən ibarət “Lex Fortis” və “Oxu, Tar” komandaları qarşılaşıblar. Gərgin və yüksək səviyyəli debatların fonunda keçirilən finalın nəticəsində “Lex Fortis” komandası – Fidan Quliyeva və Xumar Sadıqzadə – birinci yerə layiq görülüblər.
İkinci yerə isə “Oxu, Tar” komandası – Toğrul Yadigarov və Həcər Məlikova – layiq görülüblər. Eyni zamanda Həcər Məlikova müsabiqənin “Ən Yaxşı Natiq”i adına layiq görülüb.
Komanda çıxışlarının hüquqi əsaslandırma, arqumentasiya və məhkəmə nitqi bacarıqları baxımından qiymətləndirildiyi müsabiqədə “Lex Fortis” komandası “Ən Yaxşı İddiaçı”, “Oxu, Tar” komandası isə “Ən Yaxşı Cavabdeh” nominasiyalarının qalibi olub.
Tədbirin sonunda Ənvər Hüseynov ELSA Azərbaycanın fəaliyyətinə daim dəstək göstərən ELSA Azərbaycanın Məzunlar Cəmiyyətinə təşəkkürünü bildirərək, 2015/2016-cı illər üzrə Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə vitse-prezident olmuş, hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunda Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlını səhnəyə dəvət edib. Murad Bayramlı çıxışında tədbirdə iştirakdan məmnunluğunu dilə gətirərək, illər öncə bu müsabiqədə yaşadığı təcrübələri bölüşüb və Ali Məhkəmədə bu cür təşəbbüslərin reallaşmasına göstərilən dəstəyi yüksək qiymətləndirib.
Hər iki komandaya pul mükafatı (I yer - 500 AZN, II yer - 250 AZN), sertifikatlar və kuboklar təqdim edilib, I yerə layiq görülən komandanın üzvləri Londona təhsil səfəri üçün viza dəstəyi və ödənişsiz TOLES kursu, II yerə layiq görülən komandanın üzvləri isə “BM Morrison Partners” MMC şirkətində təcrübə keçmək imkanını qazanıblar.