- 17 İyun 12:07
“Konstitusiya və Suverenlik İli”, eləcə də Milli Qurtuluş Günü münasibətləri ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) tərəfindən aztəminatlı və həssas əhali qrupları üçün pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.
E-huquq.az xəbər verir ki, iyunun 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan Reabilitasiya Pansionatında Vətən müharibəsi qaziləri və ümumi xəstəlik səbəbi ilə əlilliyi olan şəxslərlə görüş keçirilib, onlar üçün pulsuz hüquqi yardım aksiyası təşkil edilib.
Aksiya zamanı Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək Vətən müharibəsi qazilərinə və ümumi xəstəlik səbəbi ilə əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, Azərbaycanın dövlətçilik tarixində şəhidlərin və qazilərin fədakarlığının əvəzsiz rolunu vurğulayıb.
Əməkdar hüquqşünas qeyd edib ki, VK bu həssas kateqoriyadan olan vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir, vəkillər bu sahədə üzərlərinə düşən peşə və mənəvi məsuliyyəti böyük əzm və fədakarlıqla yerinə yetirir.
Eyni zamanda Ağsaqqallar Şurasının rəhbəri uzunillik peşə fəaliyyəti dövründə qazandığı zəngin təcrübədən bəhs edərək tövsiyələrini, habelə xatirələrini bölüşüb.
Eyni zamanda Ağsaqqallar Şurasının rəhbəri uzunillik peşə fəaliyyəti dövründə qazandığı zəngin təcrübəyə əsaslanaraq iştirakçılarla dəyərli fikir və tövsiyələrini bölüşüb. O, həmçinin peşə yolunda qarşılaşdığı maraqlı hadisələrdən, hüquqi təcrübəsində iz buraxan xatirələrdən danışıb.
Çıxışın sonunda İkram Kərimov qazilərə və əlilliyi olan şəxslərə möhkəm can sağlığı, ruh yüksəkliyi və hər zaman hüquqi dəstəyə arxayın ola biləcəklərini ifadə edib.
Daha sonra VK üzvləri - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun müdiri Rəna Məmmədova və sözügedən büronun vəkili Əbil Həsənov tərəfindən Şağan Reabilitasiya Pansionatında fərdi hüquqi qəbullar olub, müraciət edən şəxslərə sosial təminat və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlər verilib.
Vəkillər tərəfindən müraciət sahiblərinə hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar izah edilib, zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.
Aksiya iştirakçıları göstərilən diqqət və pulsuz hüquqi yardıma görə Kollegiya ilə Şağan Reabilitasiya Pansionatının rəhbərliyinə təşəkkürlərini bildiriblər.