- 21 İyun 11:35
21-22 iyun tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) ənənəvi təşkil etdiyi Azərbaycan vəkillərinin şahmat üzrə V respublika birinciliyi keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Turnirin əsas məqsədi ölkədə şahmat idman növünün inkişafına töhfə vermək, vəkillərin bu sahədə bacarıqlarını üzə çıxarmaq və qiymətləndirmək üçün əlverişli şərait yaratmaqdan ibarətdir.
Xırdalan Şahmat Məktəbində iki gün davam edən turnirin açılışında çıxış edən Kollegiyanın sədr müavini, “İdmançı Vəkillər” Fondunun İdarə Heyətinin sədri Pərviz Ələkbərov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
O, artıq ənənə halını almış şahmat turnirinin VK tərəfindən hər il təşkil olunmasının hüquq ictimaiyyəti arasında həmrəyliyin və sağlam rəqabət ruhunun təşviqi baxımından önəmini vurğulayıb. Sədr müavini bildirib ki, gələcəkdə bu yarışların dövlət qurumları ilə birgə keçirilməsi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, turnirdə respublika üzrə ümumilikdə 28 vəkil iştirak edir.
Abşeron rayon Vəkil Bürosunun müdiri Muğan Əliyev isə çıxışında yarışın təşkili və vəkillər üçün yaradılmış şəraitə görə Kollegiya rəhbərliyinə minnətdarlığını bildirib, turnir iştirakçılarına uğurlar diləyib.
Sonra çempionata start verilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekununda fərdi qaydada fəaliyyət göstərən vəkil Elşən Səfərov birinci, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Sənan Süleymanlı ikinci və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Aydın Ələkbərov isə üçüncü yerə layiq görülüb.
Sonda VK sədrinin müavini Pərviz Ələkbərov ilk üç yerin qaliblərinə “Qanun” nəşriyyatının kitab mağazasından hədiyyə kartları, kubok və diplomlar təqdim edib.
Qeyd edək ki, Azərbaycan vəkillərinin şahmat üzrə V respublika birinciliyinin keçirilməsinə dəstək Abşeron rayon Vəkil Bürosu tərəfindən göstərilib. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub və baş hakim qismində FİDE arbitri Rühəngiz Dinirova çıxış edib.
Onu da bildiririk ki, əvvəlki qaliblərdən üçünün də iştirak etdiyi bu yarışda vəkil Elşən Səfərov ikinci dəfə çempion olub.