- 25 İyun 16:12
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Vəkillər Kollegiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq, sosial işçiləri və vəkillərin iştirakı ilə 25 iyun 2025-ci il tarixində “Açıq qapı” günü keçirilib.
Vəkillər Kollegiyasından e-huquq.az-a verilən xəbərə görə, Bakı şəhəri Xəzər rayonunun Qala, Ağdam rayonunun Təzəkənd, Goranboy rayonunun Börü, Hacıqabul rayonunun İkinci Udullu, Qəbələ rayonunun Abrıx, Saatlı rayonunun Nəsimikənd, Sabirabad rayonunun Çölbeşdəli, Zaqatala rayonunun Mamrux, Zərdab rayonunun Gödəkqobu, Göygöl rayonunun Üçtəpə, İsmayıllı rayonunun Hacıhətəmli kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, psixoloji konsultasiya, hüquqi məsələlər, aliment, boşanma, əlilliyin müəyyən edilməsi, müalicə, sosial müavinətlər, işlə təmin olunma, istirahət, yaşayış şəraitinin yaxşılaşdırılması, uşaqla ünsiyyət, təhsildən yayınma və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb.
“Açıq qapı” günündə vətəndaşların müraciətləri dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib.
Qeyd edək ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Qəndab Fərəcova (Bakı) fərdi qaydada fəaliyyət göstərən vəkillər - Fizuli Eyvazov (Hacıqabul), Səxavət Məmmədli (Sabirabad), Asif Mahmudov (Zərdab), Telman Süleymanov (Ağdam), habelə Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Zaqatala və Goranboy yon Vəkil bürolarının vəkilləri iştirak ediblər.
Bundan başqa, "Konstitusiya və Suverenlik İli", eləcə də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətləri ilə iyunun 26-da Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardımla bağlı respublika ərazisində fəaliyyət göstərən vəkil qurumlarında “Açıq qapı" günü təşkil edilib.
Belə ki, “Pro Bono” Vəkil Bürosunda, Bakı şəhəri 6 saylı Vəkil Bürosunda, Gəncə Regional Vəkil Bürosunda və Şirvan Regional Vəkil Bürosunda aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib.
Aksiya zamanı vətəndaşlar ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlərlə təmin ediliblər.
Həmçinin vəkillər tərəfindən sakinlərə hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib, həmçinin onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.