- 1 İyul 15:35
"Rusiyadakı dəhşətli faktlarla bağlı beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət olunacaq"
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
"Şahin Şıxlinskini uzun illərdir şəxsən tanıyıram, özü və oğlu Rusiyada təcrübəli vəkillərdir. Onların bir tək "günahı" son günlər qanunsuz həbs olunmuş diaspora üzvlərinin hüquqlarını müdafiə etmələridir. Dünən bütün dünyaya yayılmış vəhşicəsinə döyülmüş soydaşlarımızın məhkəmə prosesində Şıxlinskilər müdafiəçi qismində iştirak ediblər və məhz buna görə bu gün onlara qarşı zorakılıq tətbiq edilir, vəkil olan ata və oğul qatı cinayətkarlar kimi hər kəsin gözü qarşısında təhqir olunur, döyülürlər. Şahin müəllim həmçinin tanınmış iş adamıdır, diaspora rəhbəridir. Artıq vəkillər, hüquqşünaslar peşə fəaliyyətlərinə görə qanunsuz həbs olunurlar, onlara qarşı alçaldıcı şəkildə qeyri-adekvat güc tətbiq olunur. Ən qısa zamanda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından bu dəhşətli faktlarla bağlı beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət olunacaq. Rusiyanın güç strukturları tərəfindən soydaşlarımıza qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır, barbarlıqdır. Görünən odur ki, Rusiyada hüquq və hüquqlar mövcud deyil, orada istənilən şəxsi küçədə döyüb alçaldırlar, milli mənsubiyyətinə, peşə fəaliyyətinə görə insanlar öldürülür, döyülür, işgəncəyə məruz qalırlar. Dövlətin güc strukturları işgəncə makinasına çevrilib, cəlladlar qanun üzərində rəqs edirlər. 1937-ci ildə üç babam millətçilikdə ittiham olunaraq "xalq düşmənləri" adlandırılıb və Stalin repressiyası qurbanları olaraq kontslagerlərdə öldürülüb. Görünən odur ki, 90 il sonra heç nə dəyişməyib və babalarımı öldürən canilər hazırda soydaşlarımızı öldürürlər. Stalin cəlladları Ejovların, Yaqodalarının nəticələri bu gün yenə iş başındadılar. Davam edir 37, daha kəskin, daha ciddi...", - sədr qeyd edib.