- 2 İyul 15:57
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş vermiş zorakılıq halları müzakirə olunub.
E-huquq.az xəbər verir ki, Kollegiyanın sədri Anar Bağırov baş vermiş zorakılıq hallarını və qanunsuz saxlamaları qəti şəkildə pisləyib
Sədr bu cür hadisələrin yolverilməz olduğunu ifadə edib.
A.Bağırov diqqətə çatdırıb ki, Rusiya Federal Vəkillər Palatasına qanunsuz saxlanılan azərbaycanlılara, eləcə də onların ailə üzvlərinə peşəkar səviyyədə hüquqi yardımın göstərilməsi ilə bağlı rəsmi qaydada müraciət ediləcək.
Eyni zamanda Yekaterinburq şəhərində vəkillərə qarşı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qeydə alınan qeyri-insani rəftar və vəzifə səlahiyyətlərinin aşılması halları ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət ünvanlanacağı bildirilib.
Sədr Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının bu məsələni nəzarətdə saxladığını və hüquqi mexanizmlər çərçivəsində bütün zəruri addımların atılacağını bəyan edib. Bu cür hərəkətlər cəmiyyətdə vəkillik peşəsinin nüfuzunu azaldır və qorxu hissi yaradır. Çünki vəkil olaraq başqasını müdafiə etməli olan şəxslər hazırda özləri müdafiəsiz şəkildə zorakılığa məruz qalırlar.