- 15:17
"Bu gün Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində son günlər ölkəmizdə həbs olunmuş Rusiya Federasiyası vətəndaşlarının guya hüquqi yardımla təmin olunmaması barədə absurd və yalan məlumatlar yayılır. Həbs olunan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı hər hansı müraciət, şikayət kollegiyaya daxil olmayıb. həmin şəxslərin özlərinin seçdikləri vəkillə müqavilə bağlamaqda da heç bir məhdudiyyət yoxdur".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Sədr deyib ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizdə saxlanılan hər kəs yüksək keyfiyyətli hüquqi yardımla təmin olunur.
"Əksinə, Rusiya vəkilləri Şıxlinskilərin döyülməsi, qorxudulması, şiddətə məruz qalması, Rusiyada həbs olunan soydaşlarımızın hüquqi yardımla təmin olunması ilə bağlı tərəfimizdən həm Rusiya Federal Vəkillər Palatasına, həm də beynəlxalq təşkilatlara müraciət olunub", - deyə o qeyd edib.
A.Bağırov bildirib ki, vəkillərə qarşı təzyiq və gücün tətbiqi tamamilə yolverilməzdir və təqsirkar şəxslər buna görə məsuliyyətə cəlb olunmalıdırlar: "Rusiya kütləvi infornmasiya vasitələrinin diqqətini isə bir daha vəkillər Şıxlinskilərə qarşı Yekaterinburq şəhərində Rusiya və Azərbaycan bayraqları altında baş verən demonstrativ terror aksiyasına cəlb edərək öz ölkələrində vəkillərin acınacaqlı durumunu işıqlandırmağa, obyektiv olmağa çağırırıq".
Şəbnəm Mehdizadə