Vəkilliyə namizədlər üçün test imtahanı keçirilir - FOTO


  • 10:03

6 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.

E-huquq.az xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda, saat 10:00-dan etibarən elektron formatda başlayıb və 3 saat davam edəcək.

DİM və Azərbaycan Respublikası VK-nın birgə təşkilatçılığı ilə keçirilən imtahanda iştirak üçün ümumilikdə 421 namizəd müraciət edib. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən hər biri 1 balla qiymətləndirilən 100 test sualı təqdim olunub, keçid balı isə 60-dır. Nəticələr imtahan bitdikdən dərhal sonra açıqlanacaq və Azərbaycan Respublikası VK-nın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdiriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

Statistik göstəricilərə əsasən, namizədlərin 55,2%-i Bakı şəhərindən, 44,8%-i isə digər regionlardan qatılıb. İmtahanda Azərbaycanın əksər bölgələrinin təmsil olunması regionlarda vəkil çatışmazlığının aradan qaldırılmasına töhfə verəcək.

Namizədlərin 17,8%-i xarici, 82,2%-i isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan təhsil müəssisəsi 48,2% göstərici ilə Bakı Dövlət Universitetidir.

Yaş göstəricilərinə görə, iştirakçıların 71%-i 40 yaşadək şəxslərdir. Namizədlərin 26%-i qadın, 74%-i isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə namizədlər isə ümumi iştirakçıların 2%-ni təşkil edir.

Oxşar xəbərlər