“Evlərin söküntüsü və yaranan problemlərin məhkəmədə həlli qaydası” mövzusunda təlim keçirildi - FOTO


  • 12:05

İyulun 5-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Evlərin söküntüsü və yaranan problemlərin məhkəmədə həlli qaydası” mövzusunda hibrid formada təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun praktiki əhəmiyyəti barədə bəzi məqamları qeyd edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi Qumru Eyvazova söküntünün hüquqi əsasları, tikinti şirkətləri tərəfindən qaldırılan iddialar, sakinlərin hüquqları və müdafiə üsulları, mövzuya məhkəmələrin praktiki yanaşmaları, o cümlədən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin mövzu üzrə müxtəlif qərarları barədə geniş çıxış edib.

Həmçinin təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb və müxtəlif kazuslar səsləndirilib.

Təlim interaktiv formada davam edib və sonda vəkillərin mövzu üzrə bir çox sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 78 vəkil distant, 17 vəkil əyani qaydada olmaqla, ümumilikdə Vəkillər Kollegiyasının 95 üzvü iştirak edib.

Oxşar xəbərlər