Deputatların təşəbbüsü ilə Bakıda və Xaçmazda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi


  • 10:23

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Nərimanov rayon sakinləri ilə görüş keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Görüşdə 20 saylı Nərimanov ikinci seçki dairəsinin millət vəkili Samir Vəliyev, Milli Məclisin İnsan Hüquqları üzrə Qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov, “Presedent” Vəkil Bürosunun vəkilləri və 25 sakin iştirak edib.

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının inzibati binasında keçirilən görüşdə hər bir sakinin hüquqi məsələlərə dair problemləri fərdi qaydada dinlənilib və yerində yardım göstərilib.

Bundan başqa, Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında deputat Ağalar Vəliyevin təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib. Xaçmaz şəhər Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 41 vətəndaşa peşəkar vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.

Oxşar xəbərlər