Anar Bağırov: "Avropa Məhkəməsi Ermənistanın əsas iddia və tələblərini rədd edib"


  • 27 May 2020 10:26

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Avropa İnsan Hüquqları Məhkəməsinin "Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı" işinə dair qərarını şərh edib.

E-huquq.az-ın məlumatına görə, A. Bağırov qeyd edib ki, Ermənistan bu işdə qarşısına qoyduğu hədəflərə çata bilməyib.

"Avropa Məhkəməsinin qərarında İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) prosessual aspektinin, habelə 14-cü maddəsinin (ayrı-seçkiliyin yolverilməzliyi) pozulması müəyyən edilmişdir.

Vurğulanmalıdır ki, Avropa Məhkəməsi Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin pozulmadığını müəyyən etmişdir. Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, R.Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış etmiş və Azərbaycan Hökumətini təmsil etməmişdir.

Bunun nəticəsində:

Azərbaycan hökuməti R.Səfərova qeyd edilən əməlləri törətmək əmrini verməmişdir;

Azərbaycan hökuməti R.Səfərovun əməllərinə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz.

Bununla əlaqədar olaraq, ərizəçilərin və Ermənistan Hökumətinin təqdim etdikləri mövqelərin əksinə olaraq, Avropa Məhkəməsi tərəfindən R.Səfərovun əməllərinə görə beynəlxalq-hüquqi öhdəliklərin yaranmamasının göstərilməsi müsbət hal kimi qiymətləndirilməlidir.

Əlavə olaraq qeyd edilməlidir ki, qərarda məhkəmə xərclərinə görə Böyük Britaniyalı vəkillərə kompensasiya istisna edilməklə, hər hansı maddi və ya mənəvi ziyana görə kompensasiya müəyyən edilməmişdir.

Nəticə etibarilə, Ermənistan qarşısına qoyduğu hədəflərə çata bilməmişdir. Belə ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən diqqəti yayındırmaq üçün bu işi siyasi-diplomatik alətə çevirməyə çalışırdı.

Qərarın müsbət tərəfləri ondan ibarətdir ki, Məhkəmə ərizəçilərin-Ermənistanın bəzi əsas iddia və tələblərini rədd etmiş, o cümlədən əlaqədar şəxsin əməlinin Azərbaycan dövlətinə aid olduğu (attributable) və buna görə beynəlxalq səviyyədə hüquq pozuntusuna görə məsuliyyət yaratdığı iddiasını rədd etmiş, əlaqədar şəxsin əməlinin Azərbaycan dövləti tərəfindən "açıq və birmənalı şəkildə" "tanınmasına" və "qəbul edilməsinə" inandırıcı əsaslar olmadığını və beləliklə Azərbaycanın Konvensiyanın 2-ci maddəsini mahiyyəti üzrə pozmadığını qət etmişdir. Eyni zamanda, Məhkəmə, işin hallarını nəzərə alaraq, Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyinin qoyulmasını məqsədəuyğun saymamış, cavabdeh dövlətin Nazirlər Komitəsnin nəzarəti altında ümumi və/ və ya uyğun olarsa, fərdi tədbirlərin görülməsi öhdəliyini və Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq, məhkəmə qərarının icrası üçün vasitələri seçmək azadlığına və səlahiyyətinə malik olduğunu qeyd etmişdir", - deyə sədr vurğulayıb.

Xatırladaq ki, mayın 26-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı iş üzrə qərarı elan edib.

Qeyd edilən şikayət Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun 2004-cü ildə Budapeştdə bir erməni zabitinin öldürülməsi və digər erməni zabitini öldürməyə cəhd etməsi ilə əlaqədar həmin zabitlərin qohumları tərəfindən Avropa Məhkəməsinə verilib.

Avropa Məhkəməsinin qərarında İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) prosessual aspektinin, habelə 14-cü maddəsinin (ayrı-seçkiliyin yolverilməzliyi) pozulması müəyyən edilib.

Oxşar xəbərlər