"Vəkillərin yüksək sosial sığorta ödənişi 2 dəfə azaldıldı".
E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu gün “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” imzaladığı fərmanla bu məsələ də nəhayət ki, öz ədalətli həllini tapdı: "İllərdir vəkillərimizin qaldırdığı bu problem Rəyasət Heyətini çox narahat edirdi. Dəfələrlə aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılıb, tərəfimizdən yazılı müraciətlər edilib. Nəticədə vəkillərin məcburi dövlət sosial sığorta haqqının 20 faizdən 10 faizə (xərclər çıxılmaqla) endirilməsini nəzərdə tutan Qanun bu gün təsdiq olundu. Vəkillərlə yanaşı sərbəst mühasiblər və auditorlar bundan yararlanacaqlar".
A. Bağırov qeyd edib ki, Qanuna əsasən, 2026-cı ilin yanvarın 1-dək vəkillərdən məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma faizi vəkillərin gəlirlərindən xərclər çıxılmaqla, 10 faiz miqdarında olacaqdır: "Bütün həmkarlarımı təbrik edirəm, töhfəsi olan hər kəsə təşəkkür edirəm, başda cənab Prezident İlham Əliyev olmaqla dövlətimizə vəkil korpusu adından minnətdarlığımı bildirirəm!".
