Ulrix Vessel: “Pandemiya dövründə Almaniya hökuməti vəkilliyi məhdudiyyət tətbiq olunmayan sistemformalaşdırıcı peşələrin siyahısına daxil edib"


  • 10 İyun 2020 15:00

İyunun 9-da Almaniya Federal Vəkillər Palatasının təşkilatçılığı ilə “COVID-19: mövzu vəkil peşəsidir” başlığı altında Tayvan, Rusiya, Polşa, Almaniya, Fransa, Moldova, Əlcəzair, Türkiyə, Niderland Krallığı və bir sıra digər ölkələrin vəkilliyinin 70-dən artıq rəhbər şəxslərinin, həmçinin vəkillik sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə videokonfrans formatında beynəlxalq konfrans keçirilib.

E-huquq.az xəbər verir ki, konfransda ölkəmizdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr Anar Bağırov, Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü Elçin Usub, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfov və Aparatın beynəxlalq əməkdaşlıq şöbəsinin rəhbəri Sayad Qılıcov iştirak edib.

Tədbirdə pandemiya dövründə vəkil peşəsinin nümayəndələrinin hüquqlarının vəkillər assosiasiyaları tərəfindən müdafiəsi, habelə postpandemiya dönəmində hüquq peşəsinin ənənəvi və onlayn rejimdə inkişaf perspektivi, xüsusilə vəkil-müştəri münasibətlərinin distant formada qurulmasının xüsusiyyətləri müzakirə olunmuş, müxtəlif ölkələrin təcrübəsi dinlənilmiş, faydalı fikir mübadiləsi aparılıb.

Konfrans iştirakçılarını giriş nitqi ilə salamlayan Almaniya Federal Vəkillər Palatasının prezidenti Ulrix Vessel pandemiya dövründə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin vəkillərin fəaliyyətinə neqativ (pandemiya dövründə hərəkət məhdudiyyəti səbəbilə işləyə bilmədikləri üçün qazanc əldə edə bilməmələri ilə bağlı) təsirinin aradan qaldırılması ilə bağlı Federal Palata tərəfindən Almaniya kanslerinə müraciət ünvanlandırılması barədə məlumat verib. Cənab Vessel Federal Palatanın Almaniya hökumətinə müraciətindən sonra Almaniya hökumətinin müvafiq qərarına əsasən, vəkillik hər hansı məhdudiyyət tətbiq olunmayan sistemformalaşdırıcı peşələrin siyahısına daxil edilməsi barədə məlumatı da bölüşüb.

Daha sonra konfrans öz işini müxtəlif tematik müzakirələrlə davam edib.

Oxşar xəbərlər