Ombudsman təsisatı ilə Vəkillər Kollegiyasının ilk birgə konfransı keçirildi - FOTO


  • 18 İyun 2020 20:58

Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 18 iyun – insan hüquqları gününə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsində Ombudsman təsisatının Vəkillər Kollegiyası ilə əməkdaşlığı” mövzusunda videokonfrans formatında görüş keçirilib.

Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva son illər ərzində insan hüquqlarının müdafiəsi sahəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş proqram xarakterli aktlar, həmin aktların icrası çərçivəsində vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi, xüsusilə qeyd olunan istiqamətdə Ombudsman təsisatı ilə Vəkillər Kollegiyası arasında qurulmuş peşəkar əməkdaşlıq münasibətləri və bu əlaqələrin insanların hüquqlarının çevik formada müdafiəsi məsələlərinə müsbət təsiri, ötən dövrdə Vəkillər Kollegiyasının səyləri nəticəsində hüquqşünaslar arasında vəkil peşəsinin nüfuzunun daha da artması barədə öz fikirlərini bölüşmüşdür. Qeyd olunmuşdur ki, ölkəmizdə aztəminatlı ailələrə və sosial cəhətdən həssas əhali qruplarına ödənişsiz vəkillik xidmətlərinin təşkili, pulsuz hüquqi yardım xidmətlərinin intitusional səviyyədə qurulması xüsusi əhəmiyyətə malikdir.

Daha sonra çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illər ərzində Ombudsman təsisatı ilə əməkdaşlıq nəticəsində insanlara göstərilən əvəzsiz hüquqi xidmətlər çərçivəsində əldə olunmuş müsbət nailiyyətlər və bu işlərə dair statistik məlumatları bölüşmüş, ümumən Azərbaycan vəkilliyinin inkişafında Dövlət başçısı cənab İlham Əliyevin qəbul etdiyi “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəcamın insanların keyfiyyətli və peşəkar hüquqi yardıma çatımlılığındakı rolu və Sərəcamın Azərbaycan vəkilliyinin inkişafına təsiri barədə məlumat verib.

Sonra Ombudsmanın aparatının rəhbəri Aydın Səfixanlı çıxış edərək əhalinin hüquqi maarifləndirilməsinə yönəlmiş birgə tədbirlərinin təşkili, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın qurulması üzrə öz fikirlərini bölüşüb.

Onlayn görüşdə həmçinin Vəkillər Kollegiyasının sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərov, habelə Ombudsmanın aparatının rəsmiləri iştirak ediblər.

Oxşar xəbərlər