Anar Bağırov “Caspıan European Club” çərçivəsində sahibkarlarla onlayn görüş keçirdi


  • 3 İyul 2020 16:59

Bu gün “Caspian European Club”un təşəbbüsü ilə təşkilata üzv 40-dək kommersiya müəssisələrinin rəhbərləri ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun onlayn dəyirmi masa formatında görüşü keçirilib.

E-huquq.az-ın məlumatına görə, görüşə moderatorluğu Vəkillər Kollegiyasının üzvü, "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin rəhbəri, “Caspian European Club”un Hüquq, ədliyyə və məhkəmə işləri üzrə alt komitəsinin sədri Şaiq Mirzəyev edib. Komitə sədri qeyd edib ki, görüş “Koronavirus (COVİD-19) pandemiyası dövründə vəkillərin fəaliyyəti və sahibkarlara hüquqi xidmətlərin göstərilməsinin yeni üsulları” mövzusunun müzakirəsinə həsr olunub.

“Caspian European Club”un sədri və baş icraçı direktoru Telman Əliyev klubun yaradılması qayəsi, onun ilk rəhbərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin olması, sahibkarlarının maraqlarının müdafiəsi işində təşkilatın oynadığı müstəsna rol barədə məlumat vermiş, xüsusilə son illərdə vəkil peşəsinin inkişaf etdirilməsi istiqamətində görülən işlərin fonunda sahibkarların maraqlarının peşəkar hüquqi dəstəklənməsinin əhəmiyyəti barədə firiklərini bölüşüb.

Daha sonra çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakıçılarını salamlayaraq, son illər Azərbaycan vəkilliyinin inkişafında Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və sərəncamların tarixi əhəmiyyəti, sahibkarlarının maraqlarının məhkəmə müdafiəsi işində vəkillərin rolu, bu istiqamətdə vəkillərin ixtisaslaşmasının aparılmasının zəruriliyi, məhkəmə hakimiyyəti sahəsində aparılan islahatlar və islahatların azad sahibkarlığa təsiri, xüsusilə mediasiya institutunun kommersiya mübahisələrinin həllində yeri barədə məlumat verib, pandemiya şəraitində hüquqi xidmətlərin distant formada göstərilməsi və bunun üçün zəruri texniki bazanın mövcudluğunun bu günün ehtiyacı olduğunu qeyd edib.

İki saatdan artıq davam edən tədbir öz işini diskussiya formasında davam etdirib, sahibkarları maraqlandıran suallar Vəkillər Kollegiyasının sədri tərəfindən hərtərəfli cavablandırılıb.

Görüşdə Vəkillər Kollegiyasının aparatının rəhbəri Fərhad Nəcəfov, aparat rəhbərinin müavini Anar Əsədov, aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sayad Qılıcov və Kollegiyanın Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı da iştirak edib.

Sonda Şaiq Mirzəyev bildirib ki, görüş olduqca faydalı və maraqlı oldu: "İllər boyu yığılıb qalan problemləri sahibkarlar gündəmə gətirdi və verilən suallara dair Anar müəllim tərəfindən dolğun cavabları ala bildilər. Eyni zamanda sahibkarları maraqlandıran digər məsələlər də müzakirə olundu. Bəzi təkliflər yerindəcə öz həllini tapdı. Əminəm ki, bu görüşlər bir çox sahibkarın fəaliyyətinə müsbət təsir edəcək. Bu bir həqiqətdir ki, bu gün Azərbaycanda biznes inkişaf edir və ölkə iqtisadiyyatı güclənir. Vəkil institutu güclü olanda, məhkəmə qərarları da ədalətli və qanuni olur. Ümid edirəm ki, belə görüşlərin sayı artdıqca sahibkarların problemləri də vaxtında və operativ şəkildə həllini tapacaqdır".

Oxşar xəbərlər