Strasburq Vəkillər Kollegiyasının azərbaycanlı üzvü: "Ermənilər cinayət məsuliyyətinə cəlb oluna bilərlər"


  • 25 İyul 2020 16:31

Son günlərdə azərbaycanlılar sosial şəbəkələrdə bütün dünyanın diqqətinin baş verən hadisələrə yönəldilməsi istiqamətində aktiv şəkildə məşğul olur. Bu da sevindirici haldır, göstərdik ki, Qarabağımızı unutmamışıq. İşğal olunmuş torpaqlarımız uğrunda hər an mübarizə aparmağa hazırıq. Eyni zamanda ermənilərin hər məsələdə haqlı çıxmaq imkanları da artıq zəifləyib.

Bu sözləri Fransada fəaliyyət göstərən Kəpəz Nəşriyyat Evinin həmtəsisçisi, Strasburq Vəkillər Kollegiyasının üzvü, eyni zamanda diaspor nümayəndəsi Dilbadi Qasımov erməni radikal qruplarının Brüsseldə, eyni zamanda Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğunun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücumundan danışarkən deyib.

Tanınmış vəkil Publika.az-ın suallarını cavablandırıb.

- Bildiyiniz kimi, ermənilər dinc azərbaycanlıların aksiyasına hücumlar edərək, fiziki güc tətbiq edir, xəsarətlər yetirir. Bu aqressiya ermənilərin ötən əsrin ikinci yarısında ASALA və digər terror təşkilatları vasitəsilə Avropada etdiklərinə bənzəyir. Necə düşünürsünüz, Avropada azərbaycanlılara qarşı erməni terroru daha da şiddətlənə, sui-qəsdlər ola bilərmi?

- O dövrün qaydaları və şərtləri fərqli idi. Onda ermənilər yeni tanınmağa başlayırdı, müstəqil ölkələri qurulmamışdı. Ermənilərin terrora əl atmalarının bir səbəbi də o idi ki, özlərini daha geniş şəkildə tanıda bilsinlər. ASALA-nın törətdiyi qətllər böyük icmalar tərəfindən tanınmalarına yol açdı. Digər tərəfdən keçmişdə ASALA-nın arxasında konkret xarici ölkələr dayanır və onları maliyyələşdirirdi. Bu terror təşkilatı düşünülmüş məqsədə xidmət edirdi - erməni məsələsini dünyada tanıtmağa.

Bu günsə həmvətənlərimizə hücum çəkən şəxslər Avropada yaşayan ermənilərdir, müəyyən dərəcədə qruplaşmış olsa da, ASALA kimi təşkilatlanmış deyillər. İcmalar daxilində təşkil olunmuş 10-15 nəfərlik spontan qruplardır. Azərbaycanlıların Avropada döyülməsi məsələsi ermənilərin özlərinə arxayın olmasından irəli gələn yanlışlıqdır. İndiyə qədər bütün dünyanı inandırmağa çalışıblar ki, guya dünyada xristianlığı qəbul etmiş ilk millətdir. Bu da avropalılara sentimental baxımdan təsir edir. Bu və digər səbəblərdən ASALA-nın cinayətləri üzə çıxarılmırdı. Amma bu arxayınlıq özlərinin ifşa olunması ilə nəticələndi, çünki dünya bir neçə il əvvəlki deyil. Son hadisələrdən sonra erməni başbilənləri nümayiş etdirdikləri aqressiyalarını gizlətməyə çalışacaq. Yəqin ki, əməllərinin əsas məqsədlərinə qarşı çıxdığını anlayacaqlar.

- Azərbaycan erməni aqressiyasına qarşı necə və hansı müstəvidə mübarizə aparmalıdır?

- Xarici ölkələrdə yaşayan həmyerlilərimiz mitinqlər keçirən zaman mümkün qədər bir-birindən ayrılmamalı, toplu şəkildə bir yerə yığılmalıdırlar ki, onlara aqressiya cəhdi olan zaman özlərini maksimum şəkildə qoruya bilsinlər.

Azərbaycanlıların ermənilər tərəfindən döyüldüyünü əks etdirən videoları çox təəssüf hissi ilə izlədim. Ermənilərin təxribatlarından istifadə edə bilərik, burda rasizm amilləri var. Yaxın vaxtlarda bu məsələlərlə ciddi şəkildə araşdırma aparıb, həmvətənlərimizə bir vəkil kimi lazımi köməkliyimi göstərəcəm.

Fransa Senatında, parlamentdə və ombudsmanda ayrıseçkiliyə qarşı orqanlar fəaliyyət göstərir, eyni zamanda rasizm və diskriminasiyaya qarşı mübarizə aparan assosiasiyalar var. Bu hadisələrin hamısını sənədli şəkildə toplayıb Avropa təşkilatlarına, Avropa Şurasının diskriminasiyaya qarşı orqanlarına, Avropa İttifaqının Brüsseldə olan ofisinə, BMT nümayəndəliklərinə və digər qurumlara yollamaq lazımdır. Erməni vəhşiliyinin dünyada tanınması baxımından bu, bizim üçün önəmli şansdır. Avropada və Los Ancelesdə döyülən azərbaycanlıların qisasını dava etməklə almağa çalışan həmvətənlərimizdən xahiş edirəm ki, bu fikirdən vaz keçsinlər. Onları döyüb videoya çəksəniz, bizim əlimiz-qolumuz bağlanmış olacaq, hüquqi baxımdan heç bir iş görə bilməyəcəyik. Ermənilərin diaspora orqanları bizdən daha çevik davranıb, olanları dünya icmaiyyətində işıqlandıracaq.

Odur ki, ermənilərin dini, irqi ayrıseçkilik səbəbindən atdığı addımı bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmaq şansını qaçırmaq olmaz. Hər kəsi bu məsələdə soyuqqanlı olmağa səsləyirəm.

- Ermənilər həmişə olduğu kimi indi də özlərinin törətdiyi təxribatları azərbaycanlıların üzərinə atmağa çalışır. Bu prosesdən qazanclı çıxmaq, beynəlxalq ictimaiyyətin növbəti dəfə erməni yalanının əsirinə çevrilməməsi üçün hansı addımları atmalıyıq?

- Ermənilərin dünyada yaydığı yalanlar ona görə qəbul olunur ki, Avropa və Amerika cəmiyyəti bu yalanların qəbul olunmasını istəyir, buna imkan verir. Avropa İttifaqı və Amerikanın Türkiyəyə qarşı olan neqativ münasibətinin də rolu var. Onlar ermənilərə dəstək verərək Türkiyəyə qarşı neqativ imic formalaşmasına zəmin yaradırlar.

Dediyim kimi, onların təxribatına uyub zorakılığa əl atmadan, ancaq hüquqi və leqal formada bu hadisələri dünya ictimaiyyətinin, orqanların nəzərinə çatdırmaqla uğura nail ola bilərik.

- Los Anceles və Brüsseldə baş verənlər cinayət xarakteri daşıyır, buna qarşı hüquqi çərçivədə nələr edilməli, erməni təxribatının qarşısı necə alınmalıdır?

- Azərbaycanlılara xəsarət yetirən şəxslər artıq saxlanılıb, başqa bir xalqın nümayəndələri üzərində zorakılıq törətdiyi, icazəli mitinqə mane olduqları üçün bu maddələrlə məhkəməyə veriləcəklər. Sözsüz ki, bunu həmin ölkələrin hüquq-mühafizə orqanları etməlidir. Məhkəmənin qərarına əsasən cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Avropada bu cür hallarda insanlar həbsxanaya aparılmır, amma məhkəmədə günahkar bilinərək məhkum olunur. Bu, məhkumluq sənədlərində qalır.

- Dinc azərbaycanlıların keçirdiyi aksiyalara ermənilərin hücumları sərbəst toplaşmaq və ifadə azadlığının pozulmasıdır. Beynəlxalq təşkilatlar niyə susur, bu azadlığın pozulmasına qarşı niyə reaksiya vermirlər?

- Avropa ölkələrində bu cür hallar tez-tez baş verir. Hansısa həmkarlar cəmiyyətinin təşkil etdiyi mitinqdə qarşıdurma yaşana bilər. Təəssüflər olsun ki, Avropada bu cür hallar faciə kimi qiymətləndirilmir, demək olar ki, normaya çevrilib. Səbəbini Avropada tez-tez mitinqlərin keçirilməsi ilə izah edə bilərəm. Bu mitinqlərdə də döyülən, xəsarət alan insanlar olur. Fransada vaxtı ilə mitinqdə səbəbsiz yerə bir gənci döyüb öldürmüşdülər, bir başqasını şikəst etmişdilər. Belə hallar çox sadalamaq olar. Fransada bu, qeyri-adi hadisə hesab olunmur.

Lakin biz yuxarıda sadaladığım təşkilatları ermənilərin aqressiyalarının kökündə etnik, dini və irqi ayrıseçkilik dayandığına və bu səbəbdən azərbaycanlılara xəsarət yetirdiyinə inandıra bilsək, bəlkə də hansısa reaksiya və nəticə əldə bilərik.

- Erməni təxribatının qurbanı olmamaq üçün xaricdə yaşayan həmvətənlərimizə nəyi tövsiyə edirsiniz?

- Ehtiyatlı davransınlar və mümkün qədər qarşıdurmaya getməsinlər. Bir vəkil kimi bilirəm ki, fiziki qarşıdurmaya getsəniz, haqlı olduğunuz halda haqsız duruma düşəcəksiniz.

Artıq azərbaycanlıların Avropada ciddi şəkildə təşkilatlanmasının vaxtı yetişib. Mitinqləri hansısa təşkilatın adından təşkil etmək daha məsləhətdir. Assosiasiya və komitə formasında təşkilat qurmaq sonrakı işləri asanlaşdırır. Son günlərdə onun da şahidi oldum ki, azərbaycanlılar sosial şəbəkələrdə bütün dünyanın diqqətinin baş verən hadisələrə yönəldilməsi istiqamətində aktiv şəkildə məşğul olur. Bu da sevindirici haldır, göstərdik ki, Qarabağımızı unutmamışıq. İşğal olunmuş torpaqlarımız uğrunda hər an mübarizə aparmağa hazırıq. Eyni zamanda ermənilərin hər məsələdə haqlı çıxmaq imkanları da artıq zəifləyib.

Oxşar xəbərlər