"Bəzi icra məmurları məhkəmə-hüquq islahatlarına kölgə salır"


  • 28 Avqust 2020 17:31

İyulun 9-da Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev sosial şəbəkədə status yazaraq bildirdi ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 28 mart tarixli, 8-2/2016 №-li qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir: 7.1-ci bəndə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: "Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”.

Bu açıqlamadan sonra icraatımızda olan analoji işlərdə iddianın təmini tədbiri barədə ərizələr verdik. Məhkəmələr istisnasız olaraq, Plenum qərarını əsas götürərək, iddianın təmini tədbiri, yəni uşaqla müvəqqəti ünsiyyət barədə qərardad qəbul edədilər və icraya yönəltdilər.

Baxmayaraq ki, bu qərardadlar dərhal icra olunmalıdır, ondan şikayət verilməsi icranı dayandırmır, qərardadlarda uşaqla ünsiyyətin real həyata keçirilməli olması göstərilir, bəzi icra məmurları müxtəlif bəhanələrlə, qarşı tərəf apelyasiya şikayəti verib, pandemiyaya görə görüş ancaq virtual ola bilər və s. bu kimi əsassız arqumentlər gətirərək, qərardadların icrasını təmin etmir, icraya mane olan tərəfin məsuliyyətə cəlb olunması üçün heç bir tədbir görmürlər.

Bu yenilik mühüm yenilik idi və təxirəsalınmaz sosial tələbatdan irəli gəlirdi. Ölkədə həyata keçirilən gerçək məhkəmə-hüquq islahatları fonunda qəbul edilmiş bu qərarın icra olunmaması məhkəmə-hüquq islahatlarına kölgə salır. İcra məmurlarınln hərəkətsizliyindən narazı qalanlar isə, günahı məhkəmədə və vəkillərdə görürlər. Şəxsən mənim iştirakımla qəbul edilmiş bu məzmumlu 4-5 qərardad hələ də icra olunmayıb, mən kiminsə öz vəzifəsini yerinə yetirməməsinə görə, müştərimin məndən narazı qalmasını istəmirəm. Səlahiyyətli qurumlar bu məsələyə bir əncam çəksinlər artıq.

Anar Qasımlı

Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri

Oxşar xəbərlər