Vəkillərin üzləşdiyi problemlər Milli Məclisdə qaldırılacaq


  • 21 Sentyabr 2020 20:37

Bu gün Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitələrinin və Vəkillər Kollegiyasının onlayn konfransı baş tutmuşdur.

E-huquq.az-ın məlumatına görə, konfransda parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, çox sayda deputat və vəkillər iştirak etmişdir. Əsas müzakirə mövzusu Azərbaycanda vəkilliyin həyata keçirilməsinin qanunvericilikdən qaynaqlanan və digər sahəvi problemləri olmuşdur.

Konfransda təklif olunan müzakirə istiqamətlərinə uyğun olaraq, müdafiə təsisatının fəaliyyətini təmin edən qanunvericiliklə bağlı problemlər (CM, CPM, MM,MPM, İPM, İXM, CİM, Vəkillər və vəkillik fəaliyyəti haqqında, Məhkəmələr və hakimlər haqqında, Mediasiya haqqında, İcra haqqında və s. qanunlar), ödənişsiz hüquqi yardımın təşkilinin hüquqi aspektləri, vəkillərin vergi və sosial ödəmə öhdəlikləri məsələlərinə toxunulmuşdur.

Təşəbbüsçü tərəf-İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc konfransa moderatorluq etmiş və qısa açılış nitqindən sonra, Vəkillər Kollegiyası Rəyasət heyətinin sədri Anar Bağırov açılış nitqi söyləmiş və bildirmişdir ki, Vəkillər Kollegiyası tərəfindən son dövr ərzində vəkilliyin inkişafı və nüfuzunun artırılması, maddi-texniki təminatının, o cümlədən, vəkillər tərəfindən vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirilmişdir.

Bu baxımdan, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan Fərman və Sərəncamın müvafiq göstəriş və tövsiyələri, məhkəmə-hüquq sahəsində islahatlar, xüsusilə də dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilməli olan vəsaitin Vəkillər Kollegiyasına verilməsi məsələsi xüsusi əhəmiyyət kəsb etməkdədir. Bundan başqa, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər, prosessual qanunvericiliyə edilən mütərəqqi dəyişikliklər vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi məqsədlərinə xidmət edir. İndiyədək vəkillər ekspertiza üçün müstəqil olaraq Məhkəmə Ekspertiza Mərkəzinə müraciət etmək hüququna malik deyildilər. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, məhkəmə prosesi iştirakçıları, vəkillər Məhkəmə Ekspertiza Mərkəzi, yaxud gələcəkdə fəaliyyət göstərəcək müstəqil ekspertlə müqavilə bağlamağa, müvafiq məsələləri ekspert qarşısında qaldırmağa, ekspertiza üçün müraciət etməyə imkan verəcək. Beləliklə, vəkillər onlara müraciət edən şəxslərə keyfiyyətli hüquqi yardım göstərmək, onların mənafeyini təmin etmək baxımından geniş imkanlara sahib olacaqlar.

Buna baxmayaraq, Vəkillər Kollegiyasının fəaliyyəti, maddi-texniki təminatı, eləcə də regionlarda vəkillərin sayı baxımından müəyyən problemlər mövcuddur.

Bu gün bu Konfransın qarşısında duran ən önəmli məsələ vəkillərin rastlaşdığı problemləri, qarşılaşdıqları ziddiyətləri, vəkillik fəaliyyətinə mane olan halları müzakirə edib həll yolu tapmaqdan ibarət olmalıdır.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının icrasından irəli gələn məsələlərin və cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə Rəyasət Heyəti tərəfindən mülki və cinayət hüququ istiqamətləri üzrə 2 işçi qrupu yaradılmış, müvafiq qanun layihələri və təklifləri hazırlanıb təqdim edilmişdir. Lakin, hələ də öz həllini tapmayan məsələlər kifayət qədər vardır və Cinayət və Cinayət-Prosessual qanunvericilikdə bu hallara, problemlərə daha çox rast gəlmək mümkündür.

Eyni zamanda, vəkillərin ünvanladığı sorğulara cavab verilməməsi hallarının aradan qaldırılması, ən önəmlisi, vəkillik fəaliyyətinə mane olan məsələlərlə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulması hal-hazırda gündəmdədir. Həmçinin, unutmamalıyıq ki, vergi yükününün yüksək olması vəkilləri narahat edən məsələlərdən biri olmaqda davam edir.

Bunları müzakirə etməkdə, maksimum işıqlandırmaqda və həll yolu tapmağa çalışmaqda məqsəd ölkədə müasir, beynəlxalq standartlara cavab verən, ictimai etimadı tam özündə əhatə edən ədalət mühakiməsini formalaşdırmaqdan ibarətdir. Nəticə etibarilə, qanunvericilikdə edilən dəyişikliklər bütün subyektlərin, vəkillərin, vətəndaşların məmnunluğuna səbəb olacaqdır.

Bundan əlavə, müəyyən olunmuş reqalament əsasında çıxışlar başlamış, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyevə, Vəkillər Kollegiyasının üzvü olmuş, daha sonra Milli Məclisinin VI çağırış deputatı seçilmiş Bəhruz Məhərrəmova, Rəyasət Heyəti tərəfindən yaradılmış mülki və cinayət hüququ istiqamətləri üzrə işçi qruplarının rəhbərləri vəkillər Muxtar Mustafayevə və İlhamə Həsənovaya, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədova, vəkillər Ə.Mustafayevə, A.Əlizadəyə, A.Qasımlıya, C.Alıyevə, E.Usuba, S.İsayevə, F.Şirinova, E.Həsənova və arzu edən bütün iştirakçılara söz verilmişdir. Daha sonra, konfrans müzakirələr ilə davam etmiş və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Onu xüsusilə vurğulamaq lazımdır ki, gələcəkdə vəkillərin qanun yaratma proseslərində iştiralarının təmin edilməsi üçün onlar Milli Məclisin komitələrində yaradılan işçi qruplarına müstəqil ekspert kimi dəvət olunacaqlar.

Son olaraq, bütün konfransın stenoqramı aparılmış, şifahi və yazılı şəkildə bildirilmiş bütün təkliflər toplanılmışdır. Ən əsası, konfransda qaldırılmış məsələlər və görüləcək işlərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Oxşar xəbərlər