Vəkillər Kollegiyası hərbi xidmətə çağrılan vəkillərlə bağlı məlumat yaydı


  • 28 Sentyabr 2020 13:51

Səfərbərlik üzrə hərbi xidmətə çağırılan bütün vəkillər üzvlük haqqından və saxlanma xərclərindən tam azad olunurlar.

E-huquq.az bildirir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Məlumatda deyilir:

"27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı son aylar ərzində Ermənistan tərəfinin təxribatları, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və fəaliyyətinin davamıdır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası da Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi nəticəsində şəhid olan əsgər və zabitlərimizin ailələrinə başsağlığı verərək səbr diləyir. Eyni zamanda, vəkil korpusu olaraq ölkəmizin ərazi bütövlüyünün qorunması işində hər zaman mübarizəyə hazır olduğumuzu əminliklə bildiririk.

Həmçinin, könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vəkillərimiz tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır. Bununla əlaqədar olaraq, səfərbərlik üzrə hərbi xidmətə çağırılan bütün vəkillərimiz üzvlük haqqından və saxlanma xərclərindən tam azad olunurlar.

Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayırıq və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir".

Oxşar xəbərlər