Anar Bağırov: "Həmin təşkilatların əsl siması budur"


  • 8 Oktyabr 11:18

“Bəzi beynəlxalq təşkilatlar bu gün Azərbaycan vətəndaşlarının hüquqlarının kobud şəkildə pozulması faktına susurlar, heç bir reaksiya vermirlər”.

E-huquq.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Hüquq bələdçisi”nin efirində Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror əməllərindən danışarkən deyib. Kollegiya sədri həmin təşkilatları məsələyə ikili standartlarla yanaşdıqlarına görə qınayıb.

“Bu təşkilatlar başqa vaxt Azərbaycanda insan hüquqlarının dırnaqarası pozuntusu faktını qabardırdılar, addımbaşı vurğulayırdılar. Bəs, bu gün niyə susublar? Niyə heç biri bəyanat vermir, mövqe bildirmir? Əgər siz, doğrudan da, Azərbaycan xalqının hüquqlarını düşünürsünüzsə, bu gün də dəstək verməlisiniz, mövqe bildirməlisiniz, Azərbaycanın haqq mübarizəsinə qoşulmalısınız. Bilirsiniz, ikili standartlar burada da özünü göstərir. Çünki Azərbaycan dövlətinə qarşı, yaxud onunla bağlı hər hansı problem olanda beynəlxalq təşkilatlar gecə-gündüz bunu yayırlar, müxtəlif dillərdə paylaşırlar. Amma Azərbaycan xalqına qarşı haqsızlıq olanda, vətəndaşlarımızın hüquqları kobud şəkildə pozulduqda, həyatlarına qəsd olduqda bütün o beynəlxalq təşkilatlar yox olurlar, görünmürlər. Mən bu gün onların heç birini görmürəm. Bax, onların əsl siması budur. Mən bütün bu təşkilatları qınayıram. Görünür, onların məqsədi Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi deyil. Onların məqsədi Azərbaycanda hərc-mərclik yaratmaq, insanları üz-üzə qoymaq, dövlətlə vətəndaş arasında konflikt yaratmaq və Azərbaycan dövlətini zəiflətməkdir”, - deyə A.Bağırov qeyd edib.

Oxşar xəbərlər