“Bu konfliktdə beynəlxalq hüquq normaları və mexanizmləri işləmir” – Kollegiya sədri


  • 8 Oktyabr 2020 13:31

“Heç kəs düşünməsin ki, Azərbaycan xalqı bu ədalətsizliyə dözəcək”.

E-huquq.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Hüquq bələdçisi”nin efirində Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlardan danışarkən deyib. Kollegiya sədri bildirib ki, işğalçı dövlət və onun himayədarları danışıqlar prosesini məqsədyönlü şəkildə uzadıb.

“Son 30 ilin təcrübəsi onu göstərir ki, işğalçı dövlət və onun himayədarları, beynəlxalq arenada olan əsas oyunçular məsələni sonsuz danışıqlar formatına salmaqla konflikti bir növ dondurmağa çalışırlar. Burada məqsəd bizə tam aydındır. Azərbaycan xalqı çox yaxşı başa düşür ki, məqsəd insanlara bu konflikti unutdurmağa çalışmaqdır. Onlar düşünürdü ki, Azərbaycanda o torpaqlarda heç vaxt olmayan, o ağrıları yaşamayan yeni nəsil gələcək və beləliklə, Azərbaycan dövləti güzəştə gedəcək. Lakin düşmən gördü ki, 30 il keçsə də Azərbaycan xalqı bu mübarizədən əl çəkməyəcək və hər zaman sözünü deyəcək”, - deyə A.Bağırov qeyd edib.

O, Azərbaycan dövlətinin atdığı addımların və aparılan əks-hücum əməliyyatlarının bütün xalq tərəfindən dəstəkləndiyini bildirib və xalqımızın bu mübarizədə tam haqlı olduğunu bir daha vurğulayıb:
“Bilirsiniz, bəzən xarici həmkarlarım danışıqlar yolu ilə bu problemin həll oluna biləcəyini, hərbi əməliyyatlara ehtiyac olmadığını bildirirlər. Bu zaman mənim cavabım o olur ki, bəli, biz də danışıqlar tərəfdarıyıq. Qoy, ərazi bütövlüyümüzü təmin edək, öz torpaqlarından didərgin düşmüş vətəndaşlarımızı ana yurdlarına geri qaytaraq, ondan sonra danışıq apararıq. Amma bu gün artıq danışıqların effektsiz aparılması, nəticə verməməsi onu göstərir ki, bu konfliktdə beynəlxalq hüquq normaları və mexanizmləri demək olar ki, işləmir, bir hərəkətsizlik var. Təbii ki, biz bununla barışa bilmərik. Ona görə də bu gün Azərbaycan dövlətinin atdığı addımlar və ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bütün xalq tərəfindən dəstəklənir və Azərbaycan bu mübarizədə tam haqlıdır”.

Oxşar xəbərlər