Yeni vəkillər and içdi


  • 30 Oktyabr 2020 19:27

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir.

E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Azərbaycan Ordusu tərəfindən bir sıra ərazilərin işğaldan azad olunması münasibəti ilə iclas iştirakçılarını təbrik etmiş, Kollegiyanın cari fəaliyyəti, habelə Vəkillər Kollegiyası tərəfindən silahlı qüvvələrimizə dəstək üçün 28.10.2020-ci il tarixdə göndərilən yardımın təşkilində fərqlənmiş bəzi vəkil qurumlarının və vəkillərin fəaliyyətinin qiymətləndirilməsi barədə məlumat vermişdir. O cümlədən, ailə üzvləri cəbhə bölgəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş Vəkillər Kollegiyasının üzvünə maddi dəstək göstərilməsi qərara alınmışdır.

İclasda fəaliyyətlərində fərqlənmiş, həmçinin yubileylərini qeyd edən bəzi vəkillərin mükafatlandırılması məsələsinə, başqa vəkil qurumuna keçmək və sair müraciətlərə baxılmış, o cümlədən, Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilmişdir.

Habelə, Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş şəxslər Vəkil Andı içmiş, bəzi vəkillərin üzrlü səbəblərə görə üzvlük haqqından azad edilməsi məsələləri üzrə qərarlar qəbul edilmişdir.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.

Oxşar xəbərlər