"Məqsədimizə çatdıq, qalan məsələlər təfərrüatdan başqa bir şey deyil"


  • 11 Noyabr 2020 12:12

Dostlar, 1992-ci ildə Şuşa və Laçının işğalından başlayan 20% ərazimizin erməni işğalı nə az nə çox düz 28 il davam etdi. İldən-ilə bu ərazilərin qaytarılmasına ümidimiz azalırdı, demək olar ki, artıq tükənmişdi.

Məhz Azərbaycan xalqının Milli Lideri, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və mərdliyi sayəsində, Müzəffər Ordumuzun rəşadəti hesabına, Türkiyə Dövlətinin hərtərəfli qardaş dəstəyi ilə başlanılmış sülhə məcburetmə antiterror əməliyyatı nəticəsində qəsbkar Ermənistanı sülhə məcbur edərək məqsədimizə çatdıq. Qalan məsələlər isə təfərrüatdan başqa bir şey deyil və ən əsası odur ki:

1. Şəhidlərimizin qanını yerdə qoymadıq, ruhlarını şad etdik, düşməni sülhə məcbur etdik.

2. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu.

3. Ermənistanın işğalçı ordusu ərazilərimizi birdəfəlik tərk edir.

4. Məcburi köçkünlərimiz 30 ildən sonra öz doğma yurdlarına qayıdır.

5. Naxçıvan MR və Türkiyəyə birbaşa nəqliyyat dəhlizi açılır.

6. Azərbaycanın ürəyi olan Şuşa şəhərini qəhrəmancasına döyüşdə azad etdik.

7. Milli qürurumuzu və özgüvənimizi daha da möhkəmləndirdik. Artıq müharibədə qalib və torpaqlarımızı bir həmlə ilə qaytaran xalqıq.

8. Multietnik xalq olmağımıza baxmayaraq, ölkədə milli birlik, həmrəylik yarandı və ağır günümüzdə birləşməyi bacaran monolit toplum olduğumuzu sübut etdik.

9. Eynin zamanda, bütün dünyaya Türk dünyasının gücünü, qüdrətini nümayiş etdirdik.

Bu siyahını daha da uzatmaq olar. Tanrıdan şəhidlərimizə rəhmət diləyirəm! Vətənimizin başı sağ olsun!

Tanrı Azərbaycanı qorusun!

Anar Bağırov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri

Oxşar xəbərlər