Elektron vəkil orderinin tətbiqi ilə bağlı ilkin razılıq əldə olundu


  • 25 Noyabr 2020 18:38

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Azərbaycan Ordusu tərəfindən Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə iclas iştirakçılarını təbrik edib, Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, o cümlədən, əzmkar iradəsi, qətiyyətli mövqeyi və düzgün siyasəti nəticəsində əldə olunmuş böyük tarixi nailiyyət və şanlı qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanması qərara alınıb: "Həmçinin, bu böyük zəfər sevincini bizə yaşatdığın görə rəşadətli Ordumuza minnətdarlığımızı bildirir, vətən yolundan canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralanmış həmvətənlərimizə tezliklə şəfa diləyirik. Yırtıcı düşmənin işğal altında olmuş ərazilərimizdə törətdiyi qanunsuzluqlar, vandalizim hərəkətləri, mülki əhalimizə qarşı amansız qəsdlər hər birimizin diqqətindədir. Ölkəmizin haqq səsini dünyaya çatdırmaqda, beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarımızı vəhşicəsinə pozan düşmənə hər an layiqli cavab verməkdə əlimizdən gələni əsirgəməyəcəyik".

İclasda bəzi səbəblərə görə üzvlük haqqının ödənilməsindən azad olunma və digər müraciətlərə baxılıb, o cümlədən, cari ildə vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsi, bəzi normativ sənədlərin qəbul edilməsi barədə qərarlar qəbul edilib.

İclasda habelə, elektron vəkil orderinin tətbiqi məsələsi müzakirə edilib və elektron vəkil orderinin tətbiqi ilə bağlı ilkin razılıqlar əldə olunub.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Oxşar xəbərlər