Vəkillər dekabr ayı üçün üzvlük haqqı ödəməyəcək - QƏRAR


  • 27 Noyabr 2020 19:03

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir.

E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov bildirmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası ölkəmizdə koronavirusla mübarizə üzrə görülən bütün tədbirləri alqışlayır, vəkillərin bu kimi sosial bəlalarla mübarizədə hər zaman dövlətimizin, habelə bu mübarizəyə dəstək verən hər kəsin yanında olduğunu bildirir, ölkəmizin bu pandemiyaya qalib gələcəyinə əminliyini bəyan edir.

Ölkəmizdə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq edilən karantin rejiminin şərtlərini nəzərə alaraq, Vəkillər Kollegiyasının üzvlərinin cari ilin dekabr ayı üçün Vəkillər Kollegiyasına ödəməli olduqları üzvlük haqqından azad olunmaları barədə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunmuş, bu çərçivədə pandemiya dönəmində vəkillər tərəfindən vəkil qurumlarına ödənilən saxlanma xərclərinin həcminin azaldılması məsələsi ölkə üzrə bütün vəkil qurumlarına tövsiyə olunur.

Bundan başqa, iclasda Cəlilabad şəhər Vəkil Bürosunda fəaliyyət göstərən və onkoloji xəstə olan bir vəkilə "Vəkillərin inkişaf Fondu"ndan 2000 manat pul ayrılması barədə qərar qəbul edilmişdir.

Sonda, iclasda bəzi səbəblərə görə üzvlük haqqının ödənilməsindən azad olunma və digər müraciətlərə, o cümlədən, Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.

Oxşar xəbərlər