Azərbaycan vəkillərinin peşə bayramı – "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
E-huquq.az xəbər verir ki, Kollegiya sədri Anar Bağırov başda olmaqla, kollegiya üzvləri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Daha sonra Şəhidlər xiyabanını ziyarət edən vəkillər Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıblar, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu ildə imzaladığı “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında" sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd edilir.


















