Keçmiş hakim: "Vəkillər Kollegiyası hazırda özünün intibah dövrünü yaşayır"


  • 14 Yanvar 2021 18:08

Cəmi 3 il ərzində əvvəllər öz zəif mövcudluğu və fəaliyyəti ilə hüquq- müdafiə işinin təşkili müstəvisində "gözə çarpmayan", bütövlükdə "dişsiz" qurumdan dinamik və davamlı inkişaf strategiyası ilə uğurla addımlayan, artıq hüquq-müdafiə fəaliyyətinin layiqli təzahürünü ictimaiyyətə təqdim edən urvatlı təsisata çevrilmiş Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hazırda özünün intibah dövrünü yaşayır.

Mübaliğəsiz qeyd etmək olar ki, prosessual hüquq normalarından çox səmərəli istifadə etməklə, həmin normalardan yüksək peşəkarlıqla, deyərdim ki, "ustalıqla" "bəhrələnən" vəkillər ədalət mühakiməsi sistemində öz layiqli yerlərini tutmaqdadırlar. Vəkillərin daha peşəkarcasına, daha məsuliyyətlə və daha " ürəklə" fəaliyyət göstərmələrinə şərait yaradan əsas səbəblərdən biri də Vəkillər Kollegiyasının hazırkı çoxşaxəli, genişmiqyaslı və hərtərəfli fəaliyyətinin Kollegiya tərəfindən dönmədən təmin edilməsidir.

Pandemiyanın acı fəsadlarlarına və məhdudiyyətlərinə rəğmən, vəkilliyə namizədlərin yazılı testlərə cəlb edilmələrini davamlı surətdə təmin edən, ümumiyyətlə imtahanlarla bağlı prosedurların elektronlaşdırılmış qaydasından da geniş istifadə edən Vəkillər Kollegiyası artıq ictimaiyyətə də inamla bəyan edir ki, vəkillərin sayı nəinki artmaqda davam edir, həm də vəkillərin fəaliyyəti keyfiyyət və peşəkarlıq baxımından yüksəlməkdədir!

Dövlətimiz tərəfindən də Vəkillik təsisatının güclənməsinə güclü təkan verilməsi, Prezidentimizin " Vəkil Günü" peşə bayramını təsis etməsi, vəkilliyin inkişafına hərtərəfli və səmərəli dəstək verməsi də Vəkilliyin intibah dövrünün parlaq nümayişidir!

Əminəm ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi kimi fundamental və strateji sahədə Vəkillər Kollegiyası və bütün vəkillər bundan sonra da, əzmlə, fədakarcasına və qətiyyətlə irəliləmək də davam edəcəklər!
Vəkillərin rəhbərinin şəxsi və peşəkar keyfiyyətləri də bunu deməyə əsas verir.

Xalqımızın müzəffər qələbəsi nəticəsində işğaldan azad edilmiş Qarabağımızda da,
İnşəAllah, fəaliyyətə başlacaq vəkil qurumları da orada yaşayacaq insanlarımızın hüquq və azadlıqlarının müdafiəsinin keşiyində duracaqlar!

Yusif Kərimov

Keçmiş hakim, Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər