Vəkillər Kollegiyası dövlət büdcəsinə qənaət etdi


  • 18 Yanvar 2021 20:04

Məlum olduğu kimi, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli 604 nömrəli Fərman ilə cari və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması nəzərdə tutulub.

E-huquq.az-ın məlumatına görə, bu məqsədlə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2020-ci ilin dövlət büdcəsində Vəkillər Kollegiyasına 5519250,0 manat vəsait ayrılıb.

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının (qərarda edilmiş son dəyişikliklər də nəzərə alınmaqla) tələbinə görə 1 yanvar 2020-ci ildən başlayaraq dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə ödənilməli olan məbləğlər cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir.

Eyni zamanda hüquqi yardıma görə vəkillərə məbləğlərin şəffaf və operativ surətdə ödənilməsini təmin etmək məqsədilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə Təlimat” təsdiq edilib

Həmin Təlimata əsasən dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın vəkillərə ödənilməsini nəzərdə tutan zəruri sənədlərin toplanması, onlara baxılması və ödənişlərin təmin olunması üçün sənədlərin Vəkillər Kollegiyasının Aparatına təqdim olunması işlərinin təşkili Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinə həvalə edilmişdir. Mütəmadi olaraq qərarların icrasını təmin etmək məqsədilə sənədlər mərkəzləşdirilmiş qaydada Vəkillər Kollegiyasının Aparatına təqdim olunub.

Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsindən vəsaitin xərclənməsi zamanı maliyyə intizamına ciddi surətdə əməl olunmaqla, 2020-ci il ərzində dövlət hesabına göstərilən hüquqi yardıma görə ümumilikdə 62 vəkil qurumunda fəaliyyət göstərən vəkillərə və 43 fərdi qaydada fəaliyyət göstərən vəkilə ödənişi nəzərdə tutan 21913 qərar icra edilib.

Həmin qərarlar üzrə ümumilikdə 2664167,0 manat vəsait xərclənmişdir. Həmin məbləğ dövlət büdcəsindən bu məqsədlə Vəkillər Kollegiyasına ayrılmış vəsaitin 48 %-ni təşkil edir. İcra üçün Vəkillər Kollegiyasının Aparatına təqdim olunmuş qərarların faiz nisbəti ilə icrası 100 faiz təşkil edib.

Qeyd edək ki, Vəkillər Kollegiyası tərəfindən icra prosesi zamanı maliyyə şəffaflığına riayət edilməsi təmin edilmiş, bürokratik çətinliklər tamamilə aradan qaldırılıb.

Həmçinin, 2020-ci il üzrə istifadə edilməmiş vəsaitin ümumi qalığı 2855083,0 manat təşkil etmişdir, ilin sonuna xəzinə hesabının qalığı vahid xəzinə hesabına geri qaytarılıb.

Cari və növbəti illərdə də Vəkillər Kollegiyası tərəfindən büdcə qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət hesabına göstərilən hüquqi yardıma görə haqların vəkillərə ödənilməsi üçün bütün lazımi prosedurlar vaxtında və operativ surətdə həyata keçiriləcək.

Oxşar xəbərlər