"Azərbaycandakı vəkilləri dəstəkləmək üçün əlimizdən gələni edəcəyik" - Mətin Feyzioğlu


  • 19 Yanvar 2021 21:00

"Türkiyə Vəkillər Birliyi olaraq, Azərbaycanın haqlı mübarizəsi bizim üçün milli mübarizədir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasın hər hansı məsələ ilə tələbi olarsa, öz işimizdən əvvəl qardaşlarımızın işinə qaçarıq".

Bunu e-huquq.az-a açıqlamasında Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu deyib.

O bildirib ki, Ermənistan Vəkillər Kollegiyası Azərbaycanı Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına ( CCBE) şikayət etdikdə məqsədi Azərbaycanın yoxluğunda əleyhinə qərar çıxartdırmaq idi.

"Türkiyə Barolar Birliyi Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının müşahidəçi üzvüdür. Ermənistanın bu cəhdindən xəbərdar olduqda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarını və bütün beynəlxalq sənədləri təqdim edərək Ermənistan barədə şikayət etdik. Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasından Ermənistanın qınamasını istədik. Ehtimal ki, Azərbaycanı qınamağa hazırlaşan Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası bizim bu addımımızdan sonra bu məsələyə qarışmadığını dedi və geri çəkildi.

Əziz qardaşım Anar Bağırov istədiyi təqdirdə, Türkiyə Vəkillər Birliyi olaraq Avropa İnsan Haqları Məhkəməsində Azərbaycandakı həmkarlarımızı dəstəkləmək üçün əlimizdən gələni edəcəyik. Fürsətdən istifadə edib bir daha şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyir, "bir millət iki dövlət" şüarını ürəkdən təkrar edirəm", - deyə M. Feyzioğlu qeyd edib.

Oxşar xəbərlər