Məzmuna keç

Vəkil Osman Kazımov: “Hazırki rəhbərlik dövründə mənə heç bir təzyiq, təsir yoxdur”

Son günlər Azərbaycanda vəkillərin təzyiqlərə məruz qalmasına dair hesabat yayılmış, şəkilləri dərc edilmişdir. Yayılmış fotoşəkillərin içərisində mənim də foto şəkilim vardır. Bu məlumat qohumlarım, dostlarım, hüquqi yardım göstərdiyim şəxslər arasında narahatlıq yaratmışdır. Bununla əlaqədar aşagıdakıları bildirməyi zəruri hesab edirəm.

Həmişə cəmiyyətə açıq olmuş, nöqsanları tənqid etmiş, təqdirəlayiq işləri alqışlamışam. Bu gün də həmin mövqeyimi saxlayıram. Heç vaxt fikirlərimdə qərəzə yol verməmişəm. Dövlətimizin, xalqımızın mənafeyi üçün məqbul hesab etdiyim hər bir fəaliyyəti dəstəkləmişəm. Hakimiyyəti çox sərt tənqid etmişəm və edirəm. Qarabağ döyüşləri başlayan kimi hakimiyyəti dəstəkləmiş, könüllü olaraq döyüşlərə qatılmaq üçün rəsmi müraciət etmişəm.

Vəkillik fəaliyyətimlə bağlı 2011-ci ildə qanunsuzluqlarla üzləşmiş, ailənin yeganə qazanc gətirəni, himayəmdə 3 nəfər yetkinlik yaşına çatmayan övladımın olmasına və məcburi köçkün olmagıma baxmayaraq, Vəkillər Kollegiyasından xaric olunmağım üçün məhkəməyə müraciət olunmuşdur. Altı ay müddətinə işdən kənarlaşdırılmışam. Ailəm taleyin ümidinə buraxılmışdır. Lakin bütün bu qanunsuzluqlara rəğmən heç bir xarici təşkilata müraciət etməmişəm. Yalnız ABŞ səfirliyinin dəvəti ilə görüşlərdə olmuşam. İşim məhkəmə baxışında olarkən Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edərək məhkəmə prossesini nəzarətə götürməsini və obyektiv məhkəmə baxışının təmin edilməsini xahiş etmişəm.

Sonradan mənə məlum olmuşdur ki, işə baxan hakim Ədliyyə Nazirliyinə dəvət olunmuş, işlə baglı məlumatı dinlənilmişdir. İşin yekununda fəaliyyətim bərpa olunmuşdur. Bütün bunlar keçmiş rəhbərliyin dövründə olmuşdur, keçmişin acı xatirəsinə dönmüşdür.

Hazırki rəhbərlik dövründə mənə heç bir təzyiq, təsir yoxdur. Qanunsuzluqla üzləşməmişəm. Hətta hakimiyyəti sərt formada tənqid etməyimlə baglı mənə irad belə bildirilməmişdir. Məlumatın və foto şəklimin məndən məlumatsız, rəyim soruşulmadan paylaşılmasını normal hal hesab etmirəm. Hazırki həssas durumda belə məlumatları dövlətimizin nüfuzuna kölgə salmaq cəhdi kimi dəyərləndirirəm. Çox təəssüf ki, bəzən cüzi nöqsanlar şişirdilərək qərəzli məqsədlərlə istifadə edilir. 9 il bundan öncə mənə qarşı olan ədalətsizliyi bu gün paylaşmağı qərəzli və məqsədli hesab edirəm. Müharibədən sonrakı həssas dövr üçün dövlətimə təzyiq kimi dəyərləndirirəm. Son dövrlərdə Vəkillər Kollegiyasında çoxsaylı vətəndaşlarımızın, xüsusilə də gənclərimizin təmannasız işlə təmin olunması nədənsə pərdə arxasında qalır.

Bu gün azərbaycan vəkilliyinin qanunsuzluqla mübarizə apardığını heç kim unutmamalıdır. 27 ildir ki, köçkün vəkil həyatı yaşayıram. Ata yurdum-xatirələrim erməni faşizmi tərəfindən məhv edilib. Çox təəssüf ki, özünü demokratik adlandıran bəzi dövlətlər və beynəlxalq təşkilatlar nəinki mənim və mənim kimi onlarla köçkün vəkilin həyati faciəsinə laqeyd qalmış, əksinə təcavüzkar və müharibə cinayəti törədən təcavüzkar dövləti müdafiə etmişlər.

Mən dövlətimin yanındayam.

Osman Kazımov

Vəkillər Kollegiyasının üzvü