Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüşüb.
E-huquq.az-ın məlumatına görə, Kollegiyanın 9 üzvü xalqımıza bu şanlı qələbəni qazandıran rəşadətli və müzəffər ordumuzun tərkibində könüllü olaraq iştirak edib.. Qeyd olunur ki, hərbi əməliyyatlarda olduqları müddətdə Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən qəhrəman vəkillərimiz üzvlük haqqından azad edilib, ailələrinə hər ay maddi yardım göstərilib..
Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən ötən müddətdə də həmin vəkillərə xüsusi diqqət və qayğı göstərilməsi davam edib və onlar 27.01.2021-ci il tarixli iclasının qərarı ilə vətən müharibəsində iştirak edən vəkillər Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Kərimov Fərhad Azad oğlu, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Məhərrəmov Elvin Zamin oğlu, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cabbarov Mirhəsən Miri oğlu, “Arbitrium” Vəkil Bürosunun vəkili Pənahov Pənah Səməd oğlu, "BM Morisson" Vəkil Bürosunun müdiri Cabbarlı Polad Arif oğlu, “Femida” Vəkil Bürosunun vəkili Əzimov Rauf Nəriman oğlu, Şirvan Regional Vəkil Bürosunun vəkili Babayev Bəxtiyar Rəhim oğlu, Ucar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Məcidli Elşən Seyidəli oğlu və Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Səmədzadə Xəyal Natiq oğlu “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanları ilə təltif olunması barədə qərar qəbul edilib. Həmçinin onların müalicələri və reabilitasiyaları üçün müvafiq köməkliklər ediləcək.
Qeyd olunanlarla bağlı bu gün ordudan tərxis olunmuş vəkillərlə karantin qaydalarına riayət edilməklə görüş keçirilmişdir. Görüşdə Kollegiyanın sədri Anar Bağırov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində qazandığımız tarixi qələbədən danışmış, rəşadətli ordumuzun sıralarında göstərdikləri şücaətə görə vəkillərə təşəkkürünü bildirərək və onlarla fəxr etdiyi vurğulayıb, Kollegiyanın hər zaman onların yanında olduğu qeyd edib.
Həmçinin təltif olunan vəkillər müharibədə iştirak etdikləri dövrdə Kollegiya tərəfindən onların ailələrinə göstərilən maddi yardıma görə Vəkillər Kollegiyasına öz minnətdarlıqlarını bildiriblər.
Daha sonra vəkillərə döş nişanları təqdim edilib və xatirə şəkli çəkilib.








