"Ən böyük bəlalardan biri odur ki, bəzən çox təəssüf ki, bizim bəzi həmkarlarımız yeri gələndə qanunsuz işlərdə də iştirak edirlər. Bu barədə bizdə məlumat var. Bu kimi hallarla mübarizə aparırıq".
E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Xural TV-yə müsahibəsində bildirib.
O deyib ki, vəkil heç bir halda vasitəçi kimi cəmiyyətdə tanınmamalıdır: "Bu, qətiyyən yolverilməzdir. Buna görə biz vəkillərdən tələb edirik ki, aldığı bütün qonararları müqavilədə göstərsinlər. Məsələn, müştəridən 1000 manat alıb, müqavilədə 100 manat göstərəndə şübhə yaranır ki, nəyə görə 900 manat müqavilədə göstərilməyib. Elə bütün bəla buradan başlayır. Ancaq deyə bilərəm ki, bu problem başqa ölkələrdə də var. Biz istəyirik ki, vəkillər cəmiyyətdə qanuna əməl edən şəxslər kimi tanınsınlar. Vəkil özü qanunu pozursa, o, vətəndaşın gözündə elə ilk andan yaxşı obraz yaratmayacaq. Biz istəyirik ki, vəkilin obrazı ali, yüksək olsun".
