Məzmuna keç

Əkrəm Həsənov: “Vəkillər Kollegiyasının hələ də öz inzibati binası yoxdur”

Tanınmış vəkil Əkrəm Həsənov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının inzibati binasının olmaması ilə bağlı narazılığını bildirib.

E-huquq.az-ın məlumatına görə, Ə.Həsənov bu barədə özünün "Facebook" səhifəsində yazıb.

O, Vəkillər Kollegiyasının fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminat ilə bağlı məsələlərin həll edilməsi üçün dövlət başçısı tərəfindən Sərəncam imzalanmasına baxmayaraq, problemin hələ də öz həllini tapmamasına diqqət çəkib: "Kollegiyanın Rəyasət Heyəti də, vəkil büroları da icarə əsasında binalarda fəaliyyət göstərirlər. Yəni xeyli insana pulsuz da xidmət göstərən vəkillər, həmçinin bina xərclərini də özləri maliyyələşdirir. Halbuki, bu məsələ ilə bağlı dövlət başçısı artıq iki dəfə sərəncam verib. Belə ki, 11 mart 2005-ci il tarixli 669 saylı Sərəncamın 1.1-ci bəndində Nazirlər Kabinetinə tapşırılmışdı ki, 2 ay müddətində Vəkillər Kollegiyasının fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminat ilə bağlı məsələləri həll etsin. 16 il keçib. 22 fevral 2018-ci il tarixli 3707 saylı Sərəncamın 1.1-ci bəndində yenə də Nazirlər Kabinetinə tapşırılmışdı ki, 2 ay müddətində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görsün. 3 il keçib".

Ə.Həsənov bildirib ki, konstitusiyamıza görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Səmərəli və təminatlı vəkillik institutu olmadan bu məqsədə nail olmaq olmaz.

"Cənab Prezident vəkilliyin rolunu daim vurğulayır və inkişafına dəstək verir. Elə buna görə də müvafiq göstərişləri həmişə verir. Gün o gün olsun ki, onlara əməl etsinlər və dövlət başçısı Vəkillər Kollegiyasının da inzibati binasının açılışında iştirak etsin!", – deyə vəkil əlavə edib.