Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib


  • 10 Fevral 2021 21:24

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, dövlət hesabına göstərilən hüquqi yardımla bağlı bəzi məsələlər müzakirə edilib.

Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03.02.2021-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilmiş Vəkillər Kollegiyasının üzvlərinin mükafatlandırılması və Vətən Müharibəsində iştirak etmiş 9 vəkilin tibbi-sosial reabilitasiyası məqsədilə tədbirlərin görülməsi məsələlərinə baxılmış və müsbət qərar qəbul edilib.

İclasda həmçinin, Vəkillər Kollegiyası və ELSA Azerbaijan-ın birgə layihəsi olan “Prodemos – Xalq üçün” layihəsinə hər ay maddi yardımın göstərilməsi məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.

O cümlədən, iclasda “COVID-19” virusuna yoluxmuş və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılıb, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

Eyni zamanda, iclasda yeni Vəkil Bürosunun təsis olunması, həmçinin vəkil kabinetinin yaradılması ilə bağlı məsələyə baxılıb və müsbət qərar verilib.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və fəaliyyətlərində fərqlənmiş vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Oxşar xəbərlər